Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Trayan Basesku ilə görüşüb. Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüş zamanı nazir Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Rumıniya prezidentinə çatdırıb.
Rumıniya prezidenti salamlara görə təşəkkürünü ifadə edərək, onun da ən səmimi salamlarının və arzularının Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.
Görüş əsnasında iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, enerji, iqtisadiyyat, sərmayələrin qoyuluşu və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.