Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin bu gün Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıblar.
Tərəflər bu il yanvarın 14-15-də prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmiş görüşləri ikitərəfli münasibətlərin daha da inkişafı baxımından yüksək qiymətləndiriblər.
Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Görüş zamanı həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.