Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən lent.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə inkişaf edən əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə olunub.
Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərin və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələrinin regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətini vurğulayıb.
Həmçinin üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb. Görüşdə regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.