Elmar Məmmədyarov: “Yaxın Şərqdəki vəziyyət bizi narahat edir”
27 sentyabr 2014 18:12 (UTC +04:00)

Elmar Məmmədyarov: “Yaxın Şərqdəki vəziyyət bizi narahat edir”

“Fələstin eləcə də geniş anlamda Yaxın Şərqdəki vəziyyət İslam Ümməti üçün ciddi təhdid doğurmaqda davam edir və beynəlxalq aləmdə İƏT üzv dövlətlərinin vahid mövqe ilə çıxış etmələrini tələb edir”. Lent.az-ın məlumatına görə, bunu xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan hökuməti iki dövlət prinsipi əsasında həllin tərəfdarı olaraq, paytaxtı Şərqi Qüds olmaqla, Fələstin xalqının sülh, sabitlik və müstəqil dövlət yaratmaq üçün göstərdiyi səyləri dəstəklədiyini bir daha təsdiqləyir. “Buna görə də, bu müqəddəs torpaqda ədalətli sülhün tezliklə bərqərar olması uğrunda göstərilən bütün səyləri alqışlayırıq.

Azərbaycan təkcə regional deyil, həmçinin beynəlxalq təhlükəsizliyi də zərbə altında qoyan, İraqda bir çox günahsız insanın həyatını itirməsinə yol açan şiddətin kəskinləşməsindən dərin narahatlıq hissi keçirir. Biz yüzminlərlə iraqlını öz evindən didərgin düşməyə məcbur etmiş və bir çox şəhər  və kəndlərin dağıdılmasına səbəb olmuş ağır zorakılıq və humanitar böhranın  qarşısında laqeyd qalmamalıyıq”.

E. Məmmədyarovun sözlərinə görə, terrorizmdən əziyyət çəkmiş dövlət kimi, Azərbaycan müasir dünyada əsas problem kimi  qalmaqda olan və yalnız birlikdə həll edilə biləcək beynəlxalq terrorizmə qarşı  mübarizədə əməkdaşlığımızın daha da genişləndirilməsinin vacibliyinə inanır.

“Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi əngəllərdən biri olan terrorizmin bütün formalarını qınayır, kimliyindən, yerindən və səbəbindən asılı olmayaraq törədilmiş bütün terror aktlarını pisləyir və bu bəlaya qarşı mübarizədə göstərilən bütün beynəlxalq səyləri dəstəkləyir. İki ən böyük hökumətlərarası təşkilat olan İƏT və BMT arasındakı münasibətlərin əhəmiyyətinin son illərdə daha da artdığını görməkdən çox məmnunuq. Hər ikitəşkilatın əminaman, təhlükəsiz və sabit dünyaya ümumi baxış və məqsədə malik olduqlarını nəzərə alaraq, BMT-İƏT arasındakı əməkdaşlığı strateji əməkdaşlıq kimi dəyərləndirir və bu tərəfdaşlığın daha da genişləndiriləcəyinə ümid bəsləyirik”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar