Əli Hüseynli: “Ərazi bütövlüyü təmin olunmasa...”
27 sentyabr 2014 12:21 (UTC +04:00)

Əli Hüseynli: “Ərazi bütövlüyü təmin olunmasa...”

“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” imzaladığı sərəncam siyasi və hərbi baxımdan böyük əhəmiyyət kəsb edir. Sənədin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Qarabağ məsələsində Azərbaycanın mövqeyi qətiyyətli və birmənalıdır”.

 

APA – nın Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

O qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarının aparılmasına baxmayaraq, cəbhədəki son gərginlik problemin çox ciddi olduğunu bir daha göstərib. Ə. Hüseynlinin sözlərinə görə, proseslər onu deməyə əsas verir ki, danışıqlar öz bəhrəsini verməsə, ölkəmizin ərazi bütövlüyü təmin olunmasa, Azərbaycan  beynəlxalq hüquqa söykənərək hərbi yolla torpaqlarını işğaldan azad edəcək: “Dövlət başçısının sərəncamının hərbi baxımdan əhəmiyyətinə gəlincə, sənəddə mühüm məsələlər nəzərdə tutulur. Əhalinin cəbhə bölgəsində sayıqlığını artırmaq üçün könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması çox əhəmiyyətlidir. Çünki bu vəziyyət müharibə şəraitində olan ölkənin əhalisinin şəraitə hazırlığını gücləndirəcək”.

 

Komitə sədri bildirib ki, 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” qanunun yeni redaksiyada işlənməsinin nəzərdə tutulması da günün tələbidir. Cəbhə bölgəsi ilə əlaqədar kütləvi informasiya vasitələrində yayılan informasiyaların həssas məsələ olduğunu deyən Ə. Hüseynlinin sözlərinə görə,  bununla əlaqədar ölkə prezidentinin sərəncamında mühüm məqamlar əksini tapır: “KİV-lərin, ümumilikdə vətəndaşların “Dövlət sirri haqqında”  qanunun tələblərinə riayət etməsi ilə bağlı sərəncamdakı müddəa böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu sərəncamda, eləcə də verilən tövsiyələrdə irəli sürülən məsələlərin yerinə yetirilməsi təkcə dövlət orqanları üçün deyil, bütün əhali üçün vacibdir. Biz millət vəkillərinin üzərinə düşən vəzifə isə bu sərəncamdan irəli gələn məsələlərdə, xüsusilə təbliğat işlərində öndə olmaqdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777
avatar

Oxşar yazılar