Bu gün Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri, İran Ali Rəhbərinin teleradio yayımı üzrə nümayəndəsi İzzətullah Zərqami ilə görüşüb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan prezidenti İlham Əliyevin bu ilin aprelində İran İslam Respublikasına rəsmi səfəri zamanı həmkarı Həsən Ruhani ilə informasiya, teleradio yayımı və mətbuat sahəsində ikitərəfli əlaqələrə dair razılaşdırılmış prinsiplər əsasında Azərbaycanla İran arasında televiziya və radio yayımının təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığı bildirilən görüşdə əlaqələrimizin inkişafında qarşılıqlı informasiya mübadiləsinin xüsusi rol oynadığı vurğulanıb.
Söhbət zamanı əməkdaşlığın perspektivləri və həyata keçiriləcək birgə layihələr, xüsusilə hər iki ölkənin tarixi, mədəniyyəti ilə bağlı filmlərin hazırlanması məsələsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov da iştirak edib.