Türkiyənin aparıcı şirkəti TASİM layihəsi ilə maraqlanır
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunla görüşüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, ölkələrimiz arasında informasiya texnologiyaları sahəsində yüksək əməkdaşlığın qurulduğunu söyləyən Əli Abbasov bu münasibətlərin ölkə iqtisadiyyatında xüsusi yer tutduğunu, gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdiriləcəyini ifadə edib.
Azərbaycanda İKT sektorunda aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı, milli və beynəlxalq layihələri xatırladan İsmail Alper Coşkun layihələrin icrasının Türkiyə üçün də səmərəli olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın BMT tərəfindən koordinator təyin edildiyi TASİM (Trans-Avrasiya Super İnformasiya Magistralı) layihəsi “Türk Telekom” şirkətinin də marağındadır və gələcəkdə bununla bağlı Azərbaycan tərəfinin hər hansı yardıma ehtiyacı olarsa, Türkiyə bu köməyi göstərə bilər. İsmail Alper Coşkun cari il ərzində Azərbaycanda VII İnternet İdarəçilik Forumunun, “BakuTel-2012” İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb, eləcə də 2013-cü ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılmasını da əhəmiyyətli hadisə kimi qiymətləndirib.
Əli Abbasov ötən 10 il müddətində Türkiyənin yüksək sürətlə inkişaf etdiyini, beynəlxalq birlikdə iqtisadi gücə çevrildiyini, TASİM layihəsinin BMT qətnaməsinə daxil edilməsində bu ölkənin xüsusi rolu olduğunu xatırladaraq bu istiqamətdə əməkdaşlığın daha da genişləndiriləcəyini diqqətə çatdırıb.