Eldar Mahmudov: “Münaqişə bütün Avropanın təhlükəsizliyinə təhdiddir”
23 may 2013 19:15 (UTC +04:00)

Eldar Mahmudov: “Münaqişə bütün Avropanın təhlükəsizliyinə təhdiddir”

Azərbaycan milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov bu gün Azərbaycanda səfərdə olan NATO Baş katibinin meydana çıxan təhlükəsizlik çağırışları üzrə müavini Qabor İklodini qəbul edib.


 

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, E. Mahmudov hazırda Şimali Alyansla Fərdi Tərəfdaşlıq Əməliyyat Planının müvəffəqiyyətlə həyata keçirildiyini və ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirib.

 

Nazir terrorçuluqla mübarizədə Azərbaycanın birmənalı mövqeyini bir daha vurğulayaraq, bu sahədə fəaliyyətin MTN-in vəzifələri sırasında prioritet istiqamətlərdən olduğunu və beynəlxalq təhlükəsizliyin təmin olunmasında Avro-Atlantika məkanına daxil olan tərəfdaş ölkələrin müvafiq qurumları ilə əlaqələrin daha da gücləndirilməsinə xüsusi önəm verildiyini söyləyib.

 

E. Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbay­canın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında qonağa ətraflı məlumat vermiş, bu faktorun eyni zamanda bütün Avropanın təhlükəsizliyinə ciddi təhdid doğurduğunu söyləyib.

 

Daha sonra nazir Eldar Mahmudov mühüm regional və beynəlxalq əhəmiyyətə malik neft-qaz ixrac kəmərlərinin və digər layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinə toxunaraq, bu istiqamətdə sıx əməkdaşlığın, qarşılıqlı əlaqəli fəaliyyətin vacibliyini qeyd etmişdir.

 

Səfəri çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirən Q. İklodi Azərbaycanın Fərdi Tərəfdaşlıq Əməliyyat Planının icrası üzrə müvafiq dövlət qurumlarının, o cümlədən MTN-in gördüyü işlərdən NATO tərəfinin razı qaldığını vurğulayıb. O bu mənada Şimali Alyansın Azərbaycanla münasibətlərə xüsusi önəm verməsinin çatdırılması missiyasının ona həvalə olunmasından məmnunluğunu ifadə edib.

 

Görüşdə Azərbaycanla NATO arasında münasibətlərin ardıcıl inkişafı ilə bağlı və maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1376
avatar

Oxşar yazılar