“Aşura ilə bağlı qanvermə kampaniyası neçə vaxtdır keçirilir və bu, çox təqdirəlayiqdir”. Lent.az-ın məlumatına görə, bunu bu gün Təzəpir məscidində qan verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi bu kampaniya müsəlman ölkələrində ilk dəfə olaraq Azərbaycanda keçirilir: “Bu, digər müsəlman ölkələrinə də bir nümunədir. Hətta bəzi ölkələr Azərbaycanın bu cür təcrübəsindən istifadə etməyə başlayıblar. Qan verməklə xəstələrə yardım etmiş oluruq. Həm də bununla cəmiyyətə mesaj veririk ki, biz zəncir vurmaqla qan çıxarmağın əleyhinəyik”.
M. Qurbanlı onu da qeyd edib ki, bu gün Şeyx, Dini Komitə sədri ilə yanaşı, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Milli Məclisin deputatı Cavanşir Paşazadə də qan verib.