Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə bu rayonu təmsil edən deputat Hacı Qalib Salahzadə arasında yaranmış gərginlik səngiyib. Bir gün öncə icra başçısı ilə deputat arasında olan telefon danışığı nəticəsində mübahisəli vəziyyətə nöqtə qoyulub.
Bu barədə Hacı Qalib “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə, Bilgəh əhalisi ilə də söhbət edib: “Heç bir narazılıq yoxdur, bütün problemlər həll olunub, camaat da yerdən göyə qədər razıdır. Hər şey qaydasındadır, hər hansı problem qalmayıb. Camaatı da başa saldıq ki, vaxtilə nə problemlər olubsa, həllini tapıb. Hazırda Bilgəhdə heç bir problem yoxdur. Hər şey öz axarı ilə gedir. Camaat əvvəl başqa cürə başa düşmüşdü. İndi görürlər ki, belə lazımdır və problem yoxdur”. Q.Salahzadənin sözlərinə görə, sakinlərin bəzi nümayəndələri yeni icra nümayəndəsi ilə görüşüb və onu təbrik ediblər: “Mən özüm də Adil müəllimlə danışdım. Problemlər həll olundu. Artıq aramızdan su da keçmir”.
Qeyd edək ki, bir gün öncə Hacı Qalib zəngilanlı icra nümayəndəsinin Bilgəhi tanımadığını və bu səbəbdən normal işləyəcəyinə inamının olmadığını demişdi. İndiki mövqeyi ilə bağlı ona heç bir təzyiqin olmadığını deyən deputat “Mən iradları qəbul edən adamam. Ancaq heç kim mənə təzyiq göstərə bilməz. Səhv edəndə də kişi kimi deyirəm ki, səhvim olub. Artıq məsələ geridə qalıb, camaat öz işi ilə məşğuldur” bildirib.
Qeyd edək ki, deputat Bilgəh qəsəbəsində icra nümayəndəsinin kənd sakini olmaması ilə bağlı narazılığını ifadə etmişdi.