Müstəqil xarici siyasət suverenliyin təminatıdır. Qlobal və regional miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır. Müstəqil Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin formalaşması həm də Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi ilə müşayiət olunduğundan dövlətin rastlaşdığı bütün problemlər onun xarici siyasətinə də öz təsirini göstərmişdir. Bu baxımdan, Respublikamızın dünya siyasətinə təsirini bu inkişaf imkanları ilə uzlaşdırmaq lazımdır. Azərbaycanın yeni dünya düzəni siyasətində rolunu araşdırarkən onun xarici siyasətinin həyata keçirilməsi yolları nəzərə alınmalıdır. Azərbaycan öz xarici siyasətini, ümumən dövlət siyasətini formalaşdırdıqda bir çox amillərlə yanaşı, təbbi ki, yerləşdiyi məkan, qonşular, onların durumu, xarici siyasət hədəfləri, Azərbaycana münasibətləri və s. məsələləri xüsusi şəkildə müəyyənləşdirməlidir.
Respublikamızın xarici siyasət strategiyasının prioritetlərini aşağıdakı şəkildə sadalamaq mümkündür:
1) Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınması və bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılması; Azərbacan Respublikasının milli təhlükəsizlik və xarici siyasət konvensiyalarının təsdiq olunması, habelə müdafiə doktrinasının hazırlanması Azərbaycan tərəfinin məsələyə nə qədər ciddi yanaşmasını göstərir;
2) Region dövlətlərilə maraqların üst-üstə düşməsini təmin etmə və qarşılıqlı əməkdaşlıq çərçivəsində hərəkət etmək. Bütün bunlar bu regionun həssas olmasından və digər super güc sayılan ABŞ və Rusiyanın bölgədəki ortaq maraqlarını nəzərə alaraqdan həyata keçirilir. Məhz bu baxımdan, balanslaşdırılmış siyasətin yürüdülməsi hal-hazırda məqsədə uyğun hesab edilir;
3) Xarici siyasət prioritetləri sırasında Azərbaycanın Avropa Birliyi sisteminə (AB) siyasi, iqtisadi, mədəni sahələrdə inteqrasiyası da əsas təşkil edir. Burada məqsəd xalqın rifahını təhlükəsiz təmin etmə, xarici kapital və inestisiyaların, həmçinin yeni texnogiyaların ölkə iqtisadiyyatına daxil olmasıdır. Həmçinin, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı ilə səmərəli əməkdaşlıqların qurulması da əsas prioritet təşkil edir;
4) Sivil birgə yaşayış normalarının bərqərar olması, eni zamanda regionda və dünyada sülhü və təhlükəsizliyi təmin edən BMT, ATƏT, NATO kimi beynəlxalq qurumların fəaliyyətinin artırılmasında yaxından iştirak etmək ;
5) Müasir dünyanın aparıcı dövlətləri arasında uğurla siyasi-diplomatik manevr edən müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin mühüm strategiyası ondan ibarətdir ki, qlobal güc mərkəzlərinin regionda toqquşan maraqlarının fəsadlarını maksimum dəf etsin. Xüsusilə də Rusiya və ABŞ arasında regionda nüfuz və nəzarət uğrunda kəskin mübarizənin neqativ nəticələrindən ölkənin müstəqilliyini, suverenliyini, inkişafını sığortalamaq prioritet kimi müəyyənləşdirilmişdir.
Beləliklə, Azərbaycan transmilli dünya siyasətində yaxından iştirak edir. Müasir beynəlxalq münasibətlər sistemində baş verən bütün hadisə və cərəyan edən tendensiyalar dövlətin daxili və xarici vəziyyətinə bilavasitə təsir göstərir. Qloballaşma və dünya siyasətinin transmilliləşməsi, regional inteqrasiya, transmilli demokratikləşmə, liberallaşma və s. kimi proseslərdə ölkənin vahid strateji yanaşma nümayiş etdirməsi və iştirakı bütün dünyada izlənilir və qiymətləndirilir. Odur ki, həm bu yöndə atılan praktiki addımlar, həm də görülən işlərin beynəlxalq aləmdə düzgün təqdim olunması xarici siyasət strategiyasının əsasını təşkil edir.
Nailə Məmmədova
Azerbaijan Realities