Çingiz Qurbanovun nəşinin qaytarılması iləbağlı növbəti görüş
26 yanvar 2017 17:27 (UTC +04:00)

Çingiz Qurbanovun nəşinin qaytarılması iləbağlı növbəti görüş

Yanvarın 26-da Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycanla BQXK-nin əlaqələrindən söz açan vitse-spiker qurumun münaqişə bölgələrindəki fəaliyyətinə toxunub, komitə işçilərinin dünyanın hər yerində qaçqın və məcburi köçkünlərə, əsir və itkin düşənlərə göstərdikləri qayğıdan danışıb. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və itkin düşmüş soydaşlarımızın aqibətini önə çəkib.

 

2014-cü ildə Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyevin taleyindən narahatlıq xanım Sesseranın diqqətinə çatdırılıb. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin müntəzəm pozulduğu, sərhədyanı bölgələrdə yaşayan dinc əhalimizin fiziki-mənəvi təcavüzə uğradığı bildirilib. Ötən ilin sonunda sərhəddə baş verən təxribat zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfdə saxlanılaraq qeyri-insani rəftara məruz qaldığı qeyd olunub. Bildirilib ki, yerli və beynəlxalq qurumların çoxsaylı müraciətlərinə, çağırışlarına məhəl qoymayan işğalçı Ermənistan beynəlxalq hüquq normaları, o cümlədən Cenevrə Konvensiyası ilə daban-dabana zidd olan mövqeyini davam etdirərək hələ də Çingiz Qurbanovun nəşini qaytarmayıb.

 

Sədr müavini başçılıq etdiyi İnsan hüquqları komitəsinin bu məsələ ilə bağlı yanvarın 23-də bəyanat yaydığını, beynəlxalq təşkilatları bu istiqamətdə zəruri və təxirəsalınmaz tədbirlər görməyə çağırdığını bildirib. Kəlbəcərli girovların, şəhid əsgərimizin nəşinin qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsini bütün imkanlarından istifadə etməyə çağırıb.

 

 

Elena Aymone Sessera Çingiz Qurbanovun nəşinin qaytarılması məsələsini diqqətdə saxladıqlarını vurğulayıb. Qurumun mandatı çərçivəsində yalnız humanitar fəaliyyət göstərdiklərini, siyasi məsələlərə qarışmaq səlahiyyətlərinin olmadığını bildirib. BQXK nümayəndələrinin kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə vaxtaşırı baş çəkdiklərini, həmin prosesdə həkimin də iştirak etdiyini söyləyib.

 

Söhbət zamanı əsir və girovların saxlanılması, döyüş zamanı həlak olanların nəşinin qarşı tərəfə qaytarılması kimi məsələlərin beynəlxalq təcrübədə necə tənzimləndiyi müzakirə olunub. Xanım Sessera bununla bağlı beynəlxalq hüquqdakı müddəalardan söhbət açıb.

Görüşdə BQXK ilə Azərbaycan arasındakı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

APA Baycan

Oxşar yazılar