Güney Azərbaycandan gələnlərə vətəndaşlıq veriləcək
13 iyun 2013 13:19 (UTC +04:00)

Güney Azərbaycandan gələnlərə vətəndaşlıq veriləcək

Ziyafət Əsgərov: “Bu məsələ dədə-baba qaydası ilə həll oluna bilməz”.



Bu gün Milli Məclisdə Miqrasiya Məcəlləsinin layihəsi müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Əli Hüseynli deyib ki, 1945-46-cı illərdə Cənubi Azərbaycanda Azərbaycan Demokratik Respublikası yaradılıb: “Sonradan Azərbaycan Demokratik Respublikası süqut etdi və Azərbaycana mühacirlər gəldi. Onlara müvəqqəti bir sənəd verilib, lakin Azərbaycan vətəndaşları deyillər. Onların sayı indi təxminən 500-600 nəfərdir. Həmin şəxslər də Azərbaycan vətəndaşlığı barədə sənəd təqdim edərkən müəyyən dövlət rüsumu ödəməlidirlər. Bu, 110 manatdır. Biz dövlətə müraciət edə bilərik ki, onlar bu rüsumu ödəməkdən azad edilsinlər”.


Əli Hüseynli uşağın digər valideynin icazəsi olmadan ölkədən çıxarılmasına icazə verilməməsi barədə ötən iclasda qaldırılan məsələyə də toxunub: “Gərək biz bu məsələdə emosiyaya qapılmayaq. Çünki bir sıra hallarda uşaqların Azərbaycandan çıxarılması, qaçırılması kimi sui-istifadə hallarına yol verilə bilər. Valideynlərdən biri digər valideynin uzun müddət ölkədə olmadığını bildirirsə, öncədən məhkəməyə müraciət edə bilər. Çünki məhkəmə qərarı olmayana qədər digər valideynin də valideynlik hüququ qalır. Valideynlər öncədən tədbirlərini görməlidirlər”.

Əli Hüseynli əcnəbilərin qeydiyyatı üçün Ukraynada 1 gün, bir sıra Avropa ölkələrində 48 saat vaxt verildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda 3 gün vaxt verilməsi yetərlidir.
O, Sabir Rüstəmxalının yazılı müraciətinə komitə tərəfindən yazılı cavab verildiyini söyləyib. Əli Hüseynli təhlükəli virus daşıyıcısı olan şəxslərə vətəndaşlıq verilməməsi barədə məsələyə də toxunub. O, bu məsələnin Səhiyyə Nazirliyi tərəfindən tənzimlənməsini vacib hesab edib.

Millət vəkili Sabir Rüstəmxanlı Əli Hüseynlinin yazılı cavabından narazılığını dilə gətirib və irəli sürülən təkliflərin daşa dəydiyini bildirib: “20 ildir ki, biz burada Azərbaycanın bölünmüş xalq olduğumuzu söyləyirik və həmin azərbaycanlıları digər əcnəbilərdən fərqləndirməyin zəruri olduğunu bəyan edirik. Yaxşı olardı ki, Miqrasiya Məclləsində də bu məsələ əksini tapsın. Təəssüf ki, bu, Miqrasiya Məcəlləsində yer almayıb”.

Vitse-spiker Ziyafət Əsgərov Sabir Rüstəmxanlıya etirazını bildirib: “Siz deyirsiniz ki, burada dediklərinizin hamısı divara dəyib qayıdır. Mən də deyirəm ki, dedikləriniz nə divara dəyir, nə də divardan qayıdıb dəyir. Burada deyilənlərin hamısına baxılır və məqsədəuyğun olanlar nəzərə alınır”.

Ziyafət Əsgərov Azərbaycandan kənarda yaşayan azərbaycanlılarla bağlı məsələyə də münasibət bildirib: “Sabir bəy, mən də azərbaycanlılarla bağlı məsələni dəstəkləyirəm. Ancaq bu məsələ dədə-baba qaydası ilə həll oluna bilməz. O azərbaycanlılar bizim üçün də, sizin üçün də əzizdir. Lakin bu məsələdə beynəlxalq hüquq qaydalarından kənara çıxmaq olmur”.

Müzakirələrdən sonra Miqrasiya Məcəlləsi üçüncü oxunuşda qəbul edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Oxşar yazılar