Müstəqilliyimiz əbədidir!
18 oktyabr 2017 16:12 (UTC +04:00)

Müstəqilliyimiz əbədidir!

Belə bir deyim vardır: müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Tarixi gedişat sübut edir ki, bu həqiqətən belədir. XX əsr ərzində Azərbaycan iki dəfə müstəqillik imkanı qazandı. 1918-ci il 28 may tarixi ilə qurulan Azərbaycan Xalq Cumhüriyyəti cəmi 23 ay yaşaya bildi. Mövcud şərait, xarici müdaxilə və daxili çəkişmlər AXC-nin süqutu ilə nəticələndi. Yalnız bundan 70 il sonra Azərbaycan yeni bir müstəqillik imkanı qazandı. 1980-ci illərin sonu 90-cı illərin əvvəllərindən etibarən SSRİ daxilində cərəyan edən hadisələr Azərbaycana öz milli müstəqilliyini yenidən bərpa etmək imkanı qazandırdı.  1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulu ilə Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini elan edir. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət,  Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. Bu tarix hər il "Milli müstəqillik günü" kimi qeyd edilir.

 İlk vaxtlar bu sənəd sadəcə kağız rolunu oynayırdı. 1991-ci il 29 dekabr tarixli referendumla xalqımız yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi. Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi.  1991-1993-cü illər ərzində bir tərəfdən xarici müdaxilələr, daxili separatçılıq meyilləri, digər tərəfdən isə belə bir fürsətdən məharətlə istifadə edən erməni şovinistləri fəallaşmağa başladılar. Azərbaycan rayonlarının ard-arda erməni separatçıları tərəfindən işğalı, daxildə parçalanma meyilləri rəhbərlikdə olanların müstəqilliyi qoruyub saxlamaq iqtidarında olmadığını göstərirdi. Belə bir vəziyyətdə xalqın ayağa qalxmasından, Heydər Əliyevi rəhbərliyə gətirəcəyindən ehtiyat edən hakim qüvvəllər hər vəchlə buna mane olmağa çalışırdılar. Lakin 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerlərindən birini tutması sahəsində yeni bir mərhələ başlandı. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Belə ki, bu gün də Azərbaycan bu konsepsiyanın üzərində inkişaf edir, yeni-yeni uğurlara imza atır. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu dövlət kimi tanınmaqdadır. Fəxrlə deyə bilərik ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir. Regiondakı irimiqyaslı layihələrin dövlətimizin iştirakı olmadan reallaşması mümkün deyildir. Bütün bu xüsusiyyətlər müstəqilliyinin cəmi 26 ilini qeyd edən bir ölkəyə xasdır. Müasir Azərbaycan dünya xəritəsində öz yerini təsdiqləmiş və dinamik inkişaf yoluna qədəm qoymuşdur. Beynəlxalq aləmdə nüfuzlu siyasətçi kimi qəbul olunmuş, müasir təfəkkürlü, səriştəli və cəsarətli Respublika Prezidenti İlham Əliyev atdığı addımlarda Heydər Əliyev siyasi kursunun, Ulu Öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləmişdir. Qazanılan hər bir uğur isə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyasının əməli nəticəsi kimi qiymətləndirilir.

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495
avatar

Oxşar yazılar