Dirçəliş və birlik tariximiz…
10 noyabr 2014 10:23 (UTC +04:00)

Dirçəliş və birlik tariximiz…

 

Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biri Milli Dirçəliş günü ilə bağlıdır. Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır.  Məhz həmin gün Bakının əsas meydanı xalqımıza qarşı ikili siyasət aparan SSRİ orqanlarına  qarşı milyonlarla etirazçının davamlı mitinqinə şahidlik etdi. Bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil kimi dəyərləndirilir.

1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü başlandı. Moskvanın buna biganə münasibətini görən ermənilər daha da fəal və planlı şəkildə Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlının öz ata-baba yurdlarından kütləvi şəkildə qovdular. Bununla da kifayətlənməyən mənfur düşmənlər 1988-ci il fevralın əvvəllərində Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar yaranmış vəziyyətdən çox məharətli şəkildə sui-istifadə edərək Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Məhz belə bir vaxtda xalq ayağa qalxdı. Çünki xalq artıq başa düşürdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmir. Bu isə bütün xalqın bir yumruq kimi düyünlənməsinə gətirib çıxardı. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın da mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilmədi. 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olundu. Bu tarixi gün millətin dirçəlişi yolunda dönüş nöqtəsi oldu.

1992-ci ildən etibarən 17 noyabr Milli Dirçəliş günü kimi dövlət səviyyəsində qeyd olunur. Bu gün 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi. Həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

Millətimizin əzmi, qüvvəsi, birliyi heç vaxt pozulmasın! Bayramımız mübarək!

Nailə Məmmədova

Azerbaijan Realities

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608
avatar

Oxşar yazılar