Bakıda Hindistanın milli bayramı qeyd edildi
26 yanvar 2016 21:26 (UTC +04:00)

Bakıda Hindistanın milli bayramı qeyd edildi

Hindistanın 67-ci Respublika günü münasibətilə Bakıda tədbir keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, digər dövlətlərin səfirləri, media və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan səfir Sancay Rana bildirdi ki, Hindistan elm, texnologiya, innovasiyada qlobal lider olaraq inkişaf etməkdədir. Onun sözlərinə görə, Beynəlxalq Maliyyə Fondu öz hesabatında Hindistanın inkişafının 2016-cı ildə 7,5 %-ə qədər  artacağını proqnozlaşdırıb.

 

Hindistan və Azərbaycan arasında çox yaxşı dostluq və ikitərəfli münasibətlərin mövcud olduğunu deyən diplomat son dövrlərdə çox sayda qarşılıqlı səfərlərin həyata keçirildiyini və ikitərəfli sənədlər imzalandığını diqqətə çatdırıb.

 

“Dostluq münasibətlərimiz üçün möhkəm baza yaradacaq hökumətlərarası komissiyanın 4-cü iclasının gələn aylarda Bakıda keçirilməsi nəzərdə tutulub. Biz beynəlxalq Şimal- Cənub Nəqliyyat dəhlizinin inkişafı istiqamətində birgə çalışırıq. Həmçinin, enerji sahəsində də tərəfdaşıq. Hindistan şirkəti “ONGC Videsh” Azəri-Çıraq- Günəşli neft yatağı və Bakı- Tbilisi -Ceyhan neft kəmərində səhmdardır. Son illərdə Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində azərbaycanlı peşəkarlar və tələbələr  təlim-təqaüd proqramlarında iştirak edib. Hindistan inkişaf layihələrindəki təcrübələrini bölüşərək  Azərbaycan və digər dost ölkələrdə tərəfdaşlığa daim hazırdır”, deyə S. Rana qeyd edib.

 

Daha sonra çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iki ölkə arasındakı diplomatik münasibətlərin tarixindən danışıb. X. Xələfov bildirib ki, hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının fəaliyyəti ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə və birgə layihələrin həyata keçirilməsinə xidmət edir: “Parlamentlərarası əlaqələr inkişaf etməkdədir. Bu sahədə əməkdaşlığı dəstəkləyirik. Eyni zamanda, iqtisadi sahədə əlaqələrin dərinləşməsi üçün kənd təsərrüfatı, yüksək texnologiyalar, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu deyə bilərik”.

 

Xələf Xələfov həmçinin diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq  təşkilatlar çərçivəsində qəbul edilən yekun sənədlərdə  Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində Hindistanın mövqeyini yüksək qiymətləndirir və bu  dəstəyin gələcəkdə digər forum və təşkilatlar çərçivəsində davam etdiriləcəyinə ümid edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420
avatar

Oxşar yazılar