“Pakistanla Azərbaycan arasında mükəmməl ikitərəfli əlaqələr var”.
APA-nın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.
O bildirib ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi qeyd olunur: “Bu illər ərzində 3 Pakistan prezidenti, 2 baş naziri Azərbaycana, o cümlədən Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyev Pakistana səfər edib. Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir. Buraya ticarət, iqtisadi əlaqələri, hərbi əməkdaşlıq, elm və texnologiya daxildir. Əlaqələrimiz sürətlə inkişaf edir. Ən əsası hər iki ölkə rəhbərliyi anlayır ki, iki ölkənin qarşılıqlı olaraq bir-birinin təcrübəsindən yararlanmaq və əməkdaşlıq etmək üçün böyük potensial var. Mənim əsas məqsədim bu əlaqələri dərinləşdirməkdir və iki ölkənin insanlarını bir araya gətirməkdir”.
Səfir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün böyük potensial var: “İki ölkə arasında bu istiqamətdə xoş məram mövcuddur. Bir sıra razılaşmaların imzalanması gözlənilir. Onların bəzilərinin hazırlığı yekunlaşmaq üzrədir. Buraya ticarət, iqtisadi əməkdaşlıq, elm, təhsil və sair sahələr aiddir. Bu razılaşmalar əlaqələri daha da inkişaf etdirəcək”.
Səfir Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi oyunlarına da toxunub və bildirib ki, Azərbaycan prezidenti tərəfində bu ilin İslam Həmrəyliyi ili elan olunmasını Pakistan yüksək qiymətləndirir: “İslam həmrəyliyi oyunları da bu təşəbbüsün bir hissəsidir. Pakistan bu oyunlarda iştirak edəcək və bizim idman nazirimiz nümayəndə heyətinə rəhbərlik edəcək”.
Qeyd edək ki, bu gün Pakistanın Azərbaycandakı səfirliyində ölkənin müstəqilliyinin 77 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycanda yaşayan Pakistan icmasının nümayəndələri iştirak edib.