Prezident İlham Əliyev Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, iqtisadiyyat naziri prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri təyin edilib. Müəyyən edilib ki, ticarət nümayəndəsi təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görür.
Ticarət nümayəndəsi öz funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirir;
Ticarət nümayəndəsi ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinə tabedir, konsulluğa təyin olunan ticarət nümayəndəsi Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsinin ümumi rəhbərliyi altında fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetİ ticarət nümayəndələrinə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilməsi və diplomatik pasportla təmin olunması məqsədilə “Diplomatik xidmət haqqında” və “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Ticarət nümayəndələrinin fəaliyyətinin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ayrılmasını təmin etsin;
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.