Pakistanın Pəncab əyalətinin Sarqodha və Hafizabad rayonlarında Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) adından humanitar yardım aksiyası keçirilib. Pakistandakı Səfirlikdən Lent.az-a verilən məlumata görə,
Taxt Hazara kəndində təşkil olunmuş mərasimdə Pakistan İslam Respublikasının Bayt-ul-Mal təşkilatının icraçı direktoru Abid Vahid Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, bölgənin və kəndin ağsaqqalları, əyalət media mənsubları, təbii fəlakətdən zərər çəkmiş insanlar iştirak ediblər.
Tədbir iştirakçıları qarşısında çıxış edən Bayt-ul-Malın icraçı direktoru Vahid Abid Şeyx təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığını bildirib.
Mərasimdə çıxış edən səfir Daşqın Şikarov Azərbaycan və Pakistan arasında olan yüksək səviyyəli əlaqələrdən danışıb. O, eyni zamanda, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) fəaliyyəti haqqında geniş məlumatlar verib, AİDA-nın 30-dan çox Latın Amerikası, Afrika və Asiyada yerləşən ölkələrdə müxtəlif layihələr icra etdiyini, humanitar yardımlar çatdırdığını vurğulayıb.
Mərasimin sonunda Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi adından zərərçəkmiş insanlara qida paketləri paylanılıb.