“Milli Məclisin deputatlarının əmək haqlarında heç bir artım baş verməyib”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı deyib.
O qeyd edib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır. Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əmək haqqında isə heç bir artım yoxdur. Artım olsaydı, bunu ilk olaraq biz bilərdik. Çünki əməkhaqqını deputatların kartlarına biz köçürürük. Bizə isə belə bir tapşırıq, təlimat gəlməyib”, - deyə o bildirib.
Qeyd edək ki, bir müddətdir, sosial şəbəkələrdə və bəzi saytlarda Milli Məclis deputatlarının maaşlarının 800 manat artırıldığı barədə məlumatlar dolaşır.
***
13:00
Azərbaycan Milli Məclisinin deputatlarının maaşı artırılır.
Lent.az-ın Modern.az-a istinadən xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunun 21-ci maddəsinə dəyişiklik ediləcək.
Bildirilib ki, 2018-ci ildə Milli Məclisin saxlanılma xərcləri 25 milyon 432 min manat təşkil edir.
Ayrılan vəsaitin 68.8 faizini əmək haqqı xərcləri təşkil edəcək. Həmçinin, xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlər üçün də əlavə vəsait ayrılacaq.
"2018-ci ilin dövlət büdcəsi haqqında" Qanunun tətbiq edilməsi barədə fərmana əsasən, bu ildən hər bir deputatın aylıq əmək haqqına 800 manat əlavə olunacaq.
Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini - 85 faizini alır.
Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.
Sadə riyazi hesablama aparsaq, görərik ki, sıravi deputatın aylıq vəzifə maaşı hazırda 1575 manat təşkil edir. Artımdan sonra bu rəqəm 2375 manat olacaq.