Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Leyla Yunusla bağlı 31 iyul tarixli bəyanatına cavab verib.
XİN-in mətbuat xidmətindən APA-ya daxil olan cavab mətnində bildirilir ki, Azərbaycanda siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur: “Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Azərbaycan Respublikası Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi bu ilin 31 iyulunda Leyla Yunusun saxlanması səbəbləri ilə bağlı geniş açıqlama verib. Leyla Yunus digər ittihamlarla yanaşı, dövlətə xəyanətdə ittiham olunur.
Azərbaycanda 3000-dən çox QHT-nin olduğu bir şəraitdə ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırıldığını iddia etmək heç cür həqiqəti əks etdirmir və qərəzli münasibətin göstəricisidir. Azərbaycana bu cür yollarla siyasi təzyiqin göstərilməsi cəhdləri qəbuledilməzdir.
Bu tipli bəyanatlar sözügedən təhqiqatın siyasiləşdirilməsi, onun işinə müdaxilə və Azərbaycanda məhkəmə sisteminin müstəqilliyinin şübhə altına salınması cəhdləri kimi qiymətləndirir.
Leyla Yunusa ittiham elan edilməsinin xalq diplomatiyası ilə bağlı olmasına dair iddialarla əlaqədar bildirmək istərdik ki, Azərbaycan münaqişənin tezliklə həllində ən maraqlı tərəf kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqu həmişə dəstəkləyib. Amma ictimai fəaliyyət və xalq diplomatiyası tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçirilməlidir.
Qanunun aliliyinin keşiyində durduğunu iddia edən Dövlət Departamentinin elə qanunun aliliyi, beynəlxalq hüququn prinsipləri və beynəlxalq təşkilatların qərarlarından çıxış edərək, Azərbaycanın ərazilərini işğal edən, qanlı etnik təmizləmə törədən və belə əməllərini bu gün də davam etdirən Ermənistana qarşı sanksiyalar tətbiq etməyi düşünməsi daha yaxşı olardı”.