Almaniya bundestaqının deputatları Manfred Qrund və Albert Vaylerin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı ölkəmizin Almaniyadakı səfirliyi bu ölkənin xarici işlər nazirliyinə nota, bundestaqa isə məktubla müraciət edib. Lent.az-ın Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfirliyin notasına cavabında Almaniya xarici işlər nazirliyinin rəsmisi Almaniya hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinin dəyişmədiyini bildirib. Almaniya Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Almaniya xarici işlər nazirliyinin rəsmisi əlavə edib ki, Almaniya Xarici İşlər Nazirliyi bundestaqa daim belə səfərlərdən çəkinməyə çağıran və işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər edənlərə qarşı Azərbaycanın prinsipial yanaşması haqqında məlumatlandıran müraciətlər edir.
Almaniya bundestaqının səfirliyin məktubuna cavabında bildirilib ki, sözügedən deputatların səfəri Almaniya bundestaqının adından həyata keçirilmiş səfər hesab edilə bilməz və səfərlə bağlı xərclər bundestaq tərəfindən ödənilməyib.
Həm Almaniya XİN, həm də bundestaq bu səfərin deputatların şəxsi təşəbbüsü əsasında baş verdiyini bəyan edib.
Fransadakı səfirliyimiz tərəfindən də Fransa senatının nümayəndəsinin işğal olunmuş ərazilərimizə səfəri ilə əlaqədar mediada 23 sentyabr tarixində verilən məlumat araşdırılacaq və zəruri tədbirlər görüləcək.
Azərbaycan Respublikasının razılığı olmadan işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında" qanununun pozulmasıdır. Bu kimi şəxslər Azərbaycan Respublikası tərəfindən “arzuolunmaz şəxslər” siyahısına daxil edilirlər.