“Rusiya-İran-Azərbaycan arasında üçtərəfli format bölgədə sabitlik üçün mühüm faktordur. Biz həm ölkələrimizi qoruyacağıq, həm də regionda əməkdaşlığı dərinləşdirəcəyik”.
APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə deyib.
“Gələcəkdə siyasi əlaqələri daha da möhkəmləndirməliyik. Biz qonşuyuq və bu əlaqələr daha da güclənməlidir. İqtisadi potensialın artırılması istiqamətində müxtəlif tədbirlər görüləcək, nəqliyyat, energetika sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Bu imkanlar hər üç ölkənin səyi ilə yaranır, başqa ölkələr də gələcəkdə bu layihələrə qoşulacaq. Əminəm ki, görüşlərimiz davam edəcək, bundan sonrakı əməkdaşlığımız daha da genişlənəcək", - deyə prezident İlham Əliyev bildirib.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan və İran Rusiya üçün mehriban qonşu və vacib tərəfdaşdır: “Biz əlaqələrimizdə yeni səhifə açırıq. Bu formatın vacibliyi aydın idi. Ölkələrimizin sərhədləri yaxınlığında Əfqanıstan, Yaxın Şərq yerləşir. Bunlar qeyri-stabil, qaynar nöqtələrdir və burada İŞİD və digər beynəlxalq terror təşkilatları fəaliyyət göstərir. Bunlar bizə real təhlükədir və plkələrimizin daha sıx əməkdaşlığını tələb edir. Biz terror təşkilatlarının fəaliyyəti barədə informasiya mübadiləsini vacib hesab edirik.
Həmçinin bu format Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması baxımından vacibdir. Konvensiyanın imzalanması bütün 5 ölkənin maraqlarına xidmət edir.
Bu formatın “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaranması, energetika, neft, qaz yataqlarının işlənməsi baxımından da vacib olduğunu qeyd etməliyəm. Mədəniyyət, turizm, gənclər və təhsil sahələrində əməkdaşlığa da böyük diqqət ayırmaq lazımdır. Bu format gələcəkdə də qarşılıqlı faydalı xarakter daşıyacaq və ölkələrimizi maraqlarına xidmət edir. Bu formatda əməkdaşlıq Xəzər regionunun dinamik inkişafına töhfə verəcək. Rusiya birgə aktiv işə hazırdır”.
İran prezidenti Həsən Ruhani də bu formatda görüşlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Sonda prezidentlərin görüşünə dair yekun Bəyannamə imzalanıb. Bununla da, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başa çatıb.