Azərbaycan-Türkiyə münasibətlərinin müasir inkişafının təməli
20 sentyabr 2014 16:28 (UTC +04:00)

Azərbaycan-Türkiyə münasibətlərinin müasir inkişafının təməli

Sovet İttifaqı dağıldıqdan sonra öz müstəqilliyini elan edən Azərbaycan Respublikasını ilk tanıyan dövlət də məhz Türkiyə olmuşdur. 1991-ci ilin 9 noyabrında Türkiyə rəsmi olaraq Azərbaycanın müstəqilliyini tanıdığını bəyan etmiş və 1992-ci il yanvar ayının 14-də Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələr yaradılmışdır.

Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra münasibətlərin müxtəlif istiqamətli inkişafı üçün əlverişli fürsətlər yaranmışdı. Lakin Azərbaycanın əlverişli geosiyasi məkanda yerləşməsi və Rusiya, İran və Ermənistan dövlətlərinin Azərbaycanla bağlı müxtəlif maraqlara sahib olması, xüsusən də, Rusiyanın o zaman Azərbaycanı öz təsir dairəsində saxlamağa çalışması müstəqilliyin ilk illərində Azərbaycan-Türkiyə münasibətlərində qısa sürən bir soyuqluq yaratmışdı. Bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və nümayiş etdirdiyi siyasi strategiya iki ölkə arasında tarixən mövcud olan güclü əməkdaşlığı bərpa etmiş və strateji tərəfdaşlığın təməlini qoymuşdur.

Türkiyə-Azərbaycan münasibətlərinin müasir inkişafının təməli hesab etmək olar ki, 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qoyuldu. 1994-cü ilin sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"nin xarici neft şirkətlərinin konsorsiumunda "Türk petrolları" şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsasını qoydu.

Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın mühüm təməlini təşkil edən bu müqavilə və onun əsasında reallaşan 3 əsas qlobal iqtisadi layihə (Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu) iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasına da əlavə stimul yaratmışdır.

90-cı illərdə hər iki ölkə rəhbərlərinin müntəzəm xarakter almış rəsmi və işgüzar səfərləri müxtəlif sənədlərin imzalanması ilə müşayiət olunmuşdur. Bu proses XXI əsrdə də davam etdirilərək strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoymuşdur.

Müasir dövrdə də Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Türkiyə Respublikası ilə münasibətlər mühüm prioritet təşkil edir. Buna görə də Azərbaycan Respublikasının etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət ayrılır.

Ləman Xəlilova

Azerbaijan Realities

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar