Bu gün AXCP Ali Məclisinin sessiyası keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sessiyanın gündəliyinə ictimai-siyasi vəziyyət, AXCP-nin qarşısında duran vəzifələr və cari məsələlərin müzakirəsi daxil edilib.
İctimai-siyasi vəziyyət və AXCP-nin qarşısında duran vəzifələr barədə partiya sədri Əli Kərimli məruzə edib.
AXCP sədri çıxışına ötən illərlə müqayisədə vəziyyətin dəyişdiyini deyib, siyasi həyatda baş verən son hadisələr barədə danışıb.
Ə. Kərimli müxalifətin birliyi, hakimiyyətin siyasətinə qarşı olan qüvvələrin daha geniş koalisiyasının yaradılmasının vacibliyi haqda danışıb: “Hazırkı vəziyyətdə birləşmə, konsolidasiya aparıcı meyllər olmalıdır. Haqqımız yoxdur ki, partiya, qrup maraqlarını önə çəkək, daxili intriqalarla məşğul olaq”.
AXCP sədri qeyd edib ki, 2013-cü ildə seçkidə iştirak edilməlidir: “Bu seçkilərdə nəyin bahasına olursa-olsun yox, qələbə üçün iştirak etmək istəyirik”.
AXCP sədrinin məruzəsindən sonra Ali Məclis üzvləri məsələ ilə bağlı çıxış ediblər.