“Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri ildən-ilə inkişaf edir və bir sıra əməkdaşlıq sahələrində tərəqqi əldə edilib”. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı səfir Fuad İsgəndərov etimadnaməsini qəbul edərkən təşkilatın prezidenti Herman van Rompuy bildirib. Rompuy dövlət başçısı İlham Əliyevin ölkəsinin Avropa İttifaqı nümunəsində müasirləşməsinə və inkişaf etməsinə böyük önəm verdiyinin şahidi olduğunu qeyd edib: “Azərbaycanın dostu olaraq bu məqsədə töhfə verməkdən məmnun olacağıq. Həmçinin onu da qeyd etmək istəyirəm ki, Aİ-nin Azərbaycan ilə əməkdaşlıq dialoqunda enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlığının getdikcə gücləndirilməsində Azərbaycan mühüm rol oynayır. Cənub Qaz Dəhlizinin məhz Azərbaycanın səylərinə görə tezliklə reallığa çevriləcəyindən məmnun olarıq”.
Dağlıq Qarabağ münaqişəsinə də toxunan Aİ prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun qəbuledilməz olduğunu bildirib, bu mövzuya Rusiya prezidenti Vladimir Putin ilə görüşündə də toxunduğunu və münaqişənin həlli prosesinə Aİ-nin töhfə vermək niyyətində olduğunu qeyd edib.