Bu gün ATƏT PA-nın sessiyası çərçivəsində qurumun Büro iclası keçirilib.
ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin APA-ya verdiyi xəbərə görə, iclasda PA-nın prezidenti və vitse-prezidenti vəzifələrinə namizədlərin irəli sürülməsi müzakirə olunub. Prezidentliyə 3, vitse-prezidentliyə 4 nəfərin namizədliyi irəli sürülüb. Səsvermə sabah keçiriləcək.
A. Quliyev bildirib ki, vitse-prezidentliyə namizədlər arasında onun da adı var: “Hesab edirəm ki, bizim bu dövrdə apardığımız işlər və bütövlükdə ölkəmizin beynəlxalq arenada son illər əldə etdiyi nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan nümayəndəsinin şansı pis deyil. Hər halda, biz sabahkı nəticəni gözləyəcəyik”.
A. Quliyev qeyd edib ki, bu gün ATƏT PA komitələrində seçkilər yekunlaşıb: “Mən üç il müddətinə ATƏT PA Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini seçilmişəm. Bu, mənim axırıncı iclasım idi. Bizim yeni rəhbərliyin seçkisi də olub. ABŞ senatoru Rocer Viker yenidən komitənin sədri seçilib. İtaliyadan olan nümayəndə Guglielme Pikki sədr müavini və İsveçdən olan xanım məruzəçi, deputat Marqareta Sederfelt yenidən komitənin rəhbərliyinə seçilib”.
A. Quliyev ATƏT PA-nın sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin fəal olduğunu və Azərbaycanın maraqlarını qorumağa çalışdıqlarını bildirib: “Komitələrdə qəbul olunan qətnamələr və bizim təklif etdiyimiz düzəlişlər əksər hallarda qəbul olunub və bütün prinsipial məsələlərdə Azərbaycanın mövqeyi nəzərə alınıb. Bu prinsipial məqamlar ondan ibarətdir ki, bütün komitələrdə üzv ölkələrin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi birmənalı şəkildə bir daha təsbit olunub. Bilirsiniz ki, 2015-ci ildə Helsinskidə belə bir qətnamə qəbul olunub ki, ATƏT ərazisində olan münaqişələr, xüsusilə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada olan münaqişələr birmənalı şəkildə beynəlxalq hüquq normaları, dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir. Həmin qətnamədə biz qeyd etmişdik ki, heç bir halda xalqların öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyü və suverenlik prinsipini zədələməməlidir. Bugünkü qətnamələrdə həmin məsələ bir daha təsdiq olunub. Hesab edirəm ki, bütövlükdə PA-nın işini uğurla başa vurduq”.