ATƏT DTİHB parlament seçkilərini müşahidə etməyəcək
11 sentyabr 2015 22:44 (UTC +04:00)

ATƏT DTİHB parlament seçkilərini müşahidə etməyəcək

0

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcək.

 

APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bu barədə açıqlama yayan institutun direktoru Maykl Corc Link deyib ki, rəsmi Bakının irəli sürdüyü şərtlərlə razılaşmadıqlarından belə qərar qəbul edilib.

 

“İştirak edəcək müşahidəçilərin sayında məhdudiyyətlərin tətbiq olunması missiya üçün effektli və inandırıcı olan seçki müşahidəsi həyata keçirməsini mümkünsüz edirdi. Təəssüf ki, biz buna görə ATƏT DTİHB müşahidə missiyasının parlament seçkiləri ilə bağlı Azərbaycana göndərilməsini təxirə salmağa məcbur olduq”.

 

Link deyib ki, ATƏT-ə üzv olan digər dövlətlər kimi Azərbaycan da seçkilərin müstəqil, qərəzsiz və peşəkar keçirilməsini təmin etmək üçün DTİHB beynəlxalq müşahidə missiyasını seçkilərə dəvət etmək öhdəliyini yerinə yetirib. Azərbaycan tərəfdən dəvət aldıqdan sonra DTİHB ölkəyə ehtiyacları qiymətləndirmə missiyası göndərib. Onlar isə seçkilərə 30 uzunmüddətli və 350 nəfərlik qısamüddətli müşahidə missiyası göndərməyi tövsiyə ediblər.

 

Avqustun 31-də Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi isə ölkənin 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçi qəbul etməyə hazır olduğunu bildirib.

 

Link qeyd edib ki, bundan sonra ATƏT müşahidə missiyasının göndərilməsi qərarının ləğvi barədə qərar qəbul edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar