Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-dan Fransanın Strasburq şəhərində səfərdə olacaqlar. Milli Məclisdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə deputatlar Vüsal Hüseynov, Qənirə Paşayeva, Rövşən Rzayev, Sahibə Qafarova, Rafael Hüseynov, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Müslüm Məmmədov, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.
AŞPA-nın iclasları 5 gün davam edəcək, bir sıra aktual məsələlərə baxılacaq. Öncə bu ilin 15 iyulunda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonrakı vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq. AŞPA-nın son 6 aydakı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının isə 2015-2016-cı illərdəki fəaliyyətinə dair məruzələr dinləniləcək. Belarusda və İordaniyada keçirilmiş son parlament seçkiləri müzakirə olunacaq.
Sessiyada hakimlərin seçkisinə dair səsvermə zamanı Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanı təmsil edəcək hakimliyə namizəd məsələsinə də münasibət bildiriləcək.
İclaslarda Avropa Şurasının baş katibi T.Yaqland, Fransa prezidenti F.Olland, Estoniya, Türkiyə və Almaniyanın XİN başçıları çıxış edəcək, qurum üzvlərini narahat edən sualları cavablandıracaqlar. Müzakirələrdə sosial ədalətin təmin edilməsi, hər kəs üçün idman, qadınların problemləri, uşaq hüquqlarının müxtəlif məqamları, Ukraynadakı böhranın siyasi nəticələri, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq, Avropa əhalisinin dinamikasının miqrasiya siyasətinə təsirləri və s. kimi aktual mövzular gündəmdə olacaq.