Bu gün Andorranın paytaxtı Andorra La Vella şəhərində “Avropada etimadın bərpa olunması” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Diasporla İş üzrə Dövlət Komitəsinin və Andorra hökumətinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubu tərəfindən təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a vetilən xəbərə görə, iki günlük beynəlxalq toplantının əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məsələlərini müzakirə etməkdir.
Konfransın işində Nizami Gəncəvi Beynəlxalq Mərkləzinin həmsədrləri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, eləcə də sabiq prezidentlər Viktor Yuşenko (Ukrayna), Recep Meydani (Albaniya), Stefan Mesiç (Xorvatiya), Emil Konstantinesku (Rumıniya), Boris Tadiç (Serbiya), Petar Stoyanov (Bolqarıstan) iştirak edir. Bundan başqa, Andorranın sabiq Baş naziri Oskar Ribas, İsveç Konfederasiyasının müşaviri Valter Fyust, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Altay Əfəndiyev də toplantıya qatılıb.
Konfransda çıxış edən V.Vike Frayberqa, İ.Serageldin, N.İbrahimov, O.Ribas hazırda dünyada cərəyan edən proseslərə toxunaraq mövcud olan qlobal və regional problemlərin həllində birgə səy göstərilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu gün dünyada baş verənlər BMT-yə üzv ölkələrin ümidlərini heç də doğrultmur və dünya xalqları çətin vəziyyətdə yaşayır.
Konfransda regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Ukraynadakı böhranın müzakirəsinə də xüsusi diqqət ayrılıb. Çıxış edənlər bildirib ki, dünya böhran içindədir və bu gün Avropada müharibə təhlükəsi baş qaldırıb. Qeyd olunub ki, yaranmış mürəkkəb situasiyadan çıxış yolları tapmaq üçün yeni ideyalar və birgə səylər tələb olunur. Konfrans iştirakçıları qlobal problemlər haqqında geniş fikir mübadiləsinin aparıldığı toplantının bu istiqamətdə dərin və əhatəli addımların atılmasına öz töhfəsini verəcəyinə ümid etdiklərini deyiblər.
Toplantıda 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məsələlərinin müzakirəsinə də geniş yer ayrılıb. İştirakçılar Forumun əhəmiyyətini xüsusi vurğulayaraq, tədbirin dünyada sülhün və təhlükəsizliyin bərqərar olunmasına, mədəniyyətlərarası dialoq, dözümlülük, tolerantlıq və beynəlxalq aləmi narahat edən bir çox məsələlərin həllində uğur əldə edilməsinə böyük töhfələr verə biləciyini qeyd ediblər.
Konfransın davam edəcəyi iki gün ərzində III Qlobal Müştərək Cəmiyyətlər Forumunun gündəliyinin, müzakirə olunacaq məsələlərin və iştirakçıların müəyyənləşdirilməsi nəzərdə tutulub.