Andorra Respublikasının ilk baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oscar Ribas Reig Gəncəyə bir günlük səfər edib. Lent.az-ın məlumatına görə, qonaqla görüş Gəncə Şəhər İcra Hakimiyyətində keçirilib. Görüşdə şəhər İH-nin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, qədim tarixə malik bu şəhər dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, eləcə də Mirzə Şəfi Vazeh kimi dühalar bəxş edib.
Baş nazir Gəncədə səmimi münasibətə, qonaqpərvərliyə görə minnətdarlığını bildirib, onu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçdiklərinə görə mərkəzin idarə heyətinə razılığını ifadə edib.
Sonra qonaq dahi söz ustadı Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. Burada fəaliyyət göstərən muzeyində baş nazir Nizami dövrünün eksponatlarına, eləcə də şairin dünyanın müxtəlif ölkələrindən gətirilmiş əlyazmalarına baxıb, sonra Heydər Əliyev Mərkəzinə gəlib.
Gəncə ilə tanışlıqdan sonra baş naziri O. R. Reig Qəbələyə yola düşüb.