Şeyxülislam Allahşükür Paşazadə Polşanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib. Qafqaz Müsəlmanlar İdarəsindən Lent.az-a verilən məlumata görə, polşalı diplomatı səmimi qəbul edən Şeyxülislam A. Paşazadə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlər, multikultural həyat tərzinin bütün dünya üçün nümunə olan modeli barədə məlumat verib. Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq və əməkdaşlıq təcrübəsindən, dünyanın aparıcı dini mərkəzləri, o cümlədən Vatikanla dini-mənəvi əlaqələrindən bəhs edən QMİ təşəbbüsləri ilə 2010-cu ildə keçirilmiş Dini Liderlərin Ümumdünya Bakı Sammiti və bu yaxınlarda AMEA ilə birgə keçirdikləri İslam maarifçiliyi və müasir dövr mövzusunda Beynəlxalq Konfrans barədə ətraflı məlumat verib.
M. Tsalka qəbula görə QMİ sədrinə təşəkkür edib, təmsil etdiyi ölkə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, mədəni-mənəvi sahədə də əlaqələrin inkişaf etdirilməsi yönündə səylərə dəstək olacağını bildirib. Görüşdə QMİ sədrinin müavinləri - Müfti Salman Musayev və Rəşad Əliyarlı iştirak etdiblər.
Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.