“Moskvaya səfərimə iki-üç aya yaxın idi ki, hazırlıq gedirdi. Bəzi məsələlər vardı ki, onların ətrafında patriarx Kirillə bir müddətdir müzakirələr aparırdıq”. APA-nın xəbərinə görə, bunu Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.
A. Paşazadə patriarx Kirillə görüşü zamanı müsəlman və xristian dünyasını narahat edən məsələlərə toxunduqlarını söyləyib: “Müzakirə apardığımız ən mühüm məsələlərdən biri təbii ki, postsovet məkanındakı əsas münaqişə ocağı olan Dağlıq Qarabağ problemi idi. Bu konfliktin qarşısı vaxtında alınsaydı, indi postsovet məkanında baş verən proseslər olmazdı. Biz patriarxla münaqişənin həlli yollarını müzakirə etdik. Təbii ki, biz siyasətçi deyilik. Din xadimləri olaraq siyasətçilərə necə kömək edə bilərik? Bu sual ətrafında fikir mübadiləsi apardıq. Yaxın gələcəkdə patriarx, mən və erməni katolikosu Qaregin arasında üçtərəfli görüş keçirilə bilər. Bu görüşü müzakirə etdik. Müəyyən məsələlərdə razılaşdıq. Patriarx da, mən də Qareginlə görüşlər keçirəcəyik. Gələcəkdə görüşlərin vaxtını, hansı məsələlərin müzakirə olunacağını müəyyən edəcəyik”.
A. Paşazadə Kirillə görüşündə Ukraynada baş verən proseslərə də toxunduğunu bildirib: “Bildiyiniz kimi, Ukraynada parçalanma baş verib. Rus pravoslav kilsəsinin konfliktin həlli istiqamətində apardığı siyasət və Qafqaz Müsəlmanları İdarəsinin rolu nə ola bilər, onları da müzakirə etdik”.
Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycanda təxribat yaratmaq istəyən bəzi qüvvələr var: “Rusiyanın müsəlmanlar yaşayan yerlərində, Tatarıstan, Başqırdıstan və Şimali Qafqazda da bəzi qüvvələr təxribatlar törətmək istəyirlər. Patriarxla bu barədə də fikir mübadiləsi apardıq. Patriarx Azərbaycandakı tolerantlığa mühüm önəm verir. Görəcəyimiz işlər barədə proqram hazırladıq və gələcəkdə bu proqram üzərində işləyəcəyik”.