Məhvə sürüklənən kiçik Ermənistan
16 dekabr 2014 17:00 (UTC +04:00)

Məhvə sürüklənən kiçik Ermənistan

 
Tarixən özgə  torpaqlarını işğal etməyi qarşısına məqsəd qoymuş milli ideologiya və  terrorçu-işğalçılıq doktrinasından başqa bir şeyi olmayan, tarixi faktlar əsasında belə öz təsdiqini tapmayan, heç bir mənbə əsasında sübuta yetirilə bilməyən qondarma “Böyük Ermənistan” ideyası nəinki gerçəkləşdirilə bilmir, hətta siyasi hadisələrin gedişi onu deməyə imkan verir ki, proseslər bu cür davam etsə, ortada “Kiçik Ermənistan” dövləti belə qalmayacaq.
Dağlıq Qarabağdakı müvəqqəti qələbədən ruhlanan Ermənistanın “Böyük Ermənistan” yaratmaq xülyaları tez bir zamanda məyusluqla əvəzləndi. 2001-2011-ci illər arasında (10 ildə) əhalisinin sayı 190 min nəfərə qədər azalan, əhalinin cəmi 20 faizinin ali təhsilə malik olduğu, 600 min nəfərinin işlədiyi, iqtisadiyyatının tamamilə iflic vəziyyətə düşdüyü Ermənistanda yaşanan bu sosial-iqtisadi böhran siyasi böhrana gətirib çıxarıb.
Xüsusilə, Ukrayna böhranından sonra Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyada başlanan iqtisadi böhran ən çox bu ölkəyə təsir göstərib. Belə ki, sürətlə dəyərdən düşən dram  sözün əsl mənasında “erməni xalqının dramını” ifadə edir. Hesablamalara görə, 1 dollar 560, 1 avro 685-700, 1 funt sterlinq 750 dram dəyərində olan Ermənistan milli valyutası 35 faizdən də çox dəyərdən düşmüşdür.
BBC-yə müsahibə verən bir erməni qadını deyir ki: “Bu rayonda bir neçə dükanda şəkər tozu yox idi. Həmişə 600 drama aldığım unu 900 drama aldım, 400 dram olan yağ indi 1000 dram olub”. 
Əhalisinin aclıqdan ölməmək üçün dirəndiyi bu ölkədə siyasi hakimiyyətin səriştəsiz rəhbərləri isə  ölkəni nəinki mövcud vəziyyətdən çıxarmağa çalışır, əksinə, öz şəxsi məqsədləri naminə ölkəni çapıb talamaqdan başqa bir işə yaramırlar.
Artıq heç bir investisiya yatırılmayan, bütün iqtisadi layihələrdən kənarda qalan, əhalinin sürətlə tərk etdiyi iqtisadi böhranla yanaşı kəskin siyasi böhran yaşayan, etiraz aksiyalarının baş alıb getdiyi bu dövlət görəsən heç düşünmürmü ki, Dağlıq Qarabağ məsələsini həll etmədən, Qafqazda siyasi sabitlik bərpa olunmadan bu böhrandan çıxması qeyri-mümkündür. Görünür ki, onlar bu məsələdə israrlı olduqları müddətdə başqalarının torpaqları hesabına əldə etdikləri üstünlükləri iki - üç qat ziyanla ödəyəcəklər.
Ləman Xəlilova
Azerbaijan Realities
 
# 109
avatar

Oxşar yazılar