Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovmartın 4-də ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Azərbaycan və ABŞ arasında hər zaman yaxşı əlaqələrinin olduğunu deyən Ə. Həsənov bu münasibətlərin bu gündə inkişaf etdiyini bildirib.
Komitə sədri səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.
O bildirib ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu 20 ildən artıqdır, hər hansı konkret nəticə əldə etməyib.
Ə. Həsənov deyib ki, əslində indiki Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ancaq onlar heç vaxt bununla kifayətlənməyiblər.
Komitə sədri qeyd edib ki, bu gün Ermənistan müstəqil siyasət yürüdə bilmir. Hazırda bu ölkəni idarə edənlərin əlləri azərbaycanlıların qanına batıb. Ona görə də bu rejim sülh müqaviləsi ilə torpaqların geri qaytarılmasına razı olmur. Məhz bu amilə görə ATƏT-in Minsk qrupu heç bir nəticə əldə edə bilmir. Azərbaycan xalqının və dövlətinin sülhsevər olduğunu bildirən baş nazirin müavini ölkəmizin sürətlə inkişaf etdiyini, son 10 ildə Azərbaycanda işsizliyin səviyyəsinin 49 faizdən 5 faizə düşdüyünü vurğulayıb. Baş nazirin müavini deyib: “Azərbaycan Prezidenti ölkənin strateji inkişafının 5 istiqamətini müəyyənləşdirib. 2020-ci ilə qədər olan müddəti nəzərdə tutan strategiyaya əsasən ölkədə bir nəfərdə olsun yoxsul insan qalmamalıdır. Digər məqsədə görə isə 2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. Bu müddətdə neftdən asılılıq tamamilə aradan qaldırılmalıdır. Korrupsiyaya qarşı mübarizə beynəlxalq tələblərə cavab verməlidir. Son istiqamət isə insan hüquqlarının qorunmasının beynəlxalq tələblərə cavab verməsi ilə bağlıdır”.
Bildirilib ki, ölkədə son 20 ildə humanitar təşkilatlar tərəfindən dəyəri 1 milyard dollardan çox olan yardım layihələri həyata keçirilib. Bunun bir qismi isə ABŞ-ın qeyri-hökumət təşkilatlarının payına düşür.
Azərbaycan-ABŞ münasibətlərindən danışan Robert Sekuta məqsədinin iki dost ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək olduğunu deyib.
Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını bildirən diplomat deyib ki, problemin sülh yolu ilə nizamlanması üçün səylər göstərilir: “Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması bizi narahat edir. Tərəflər vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq addımlardan çəkinməlidirlər. Biz də öz növbəmizdə həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə birgə işləyərək münaqişənin həllində irəliləyişə nail olmağa çalışırıq”.
Səfir bildirib ki, münaqişədən əziyyət çəkən insanlara yardım məqsədilə 20 il ərzində ABŞ hökuməti tərəfindən Azərbaycana 115 milyon dollar həcmində humanitar yardımlar edilib. Təhlükəsizlik sahəsində Azərbaycana edilən yardımın ümumi məbləği isə təxminən 53 milyon dollar həcmindədir ki, bu məbləğ də əsasən terrorizmlə mübarizə, təlim-tədris və digər məqsədlər üçün ayrılıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Səfirə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.
Sonra səfir Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb.