Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Beynəlxalq Dini Etiqad Azadlığı ofisinin nümayəndələri Daniel Nadel və xanım Steysi Bernard Deyvisi qəbul edib. Lent.az-ın QMİ-nin saytına istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri, habelə hal-hazırda dünyada cərəyan edən hadisələr, təhlükəli tendensiyalar və onların fəsadlarının qarşısının alınması ətrafında fikir mübadiləsi aparılıb.
A.Paşazadə bu yaxınlarda Nyu-Yorkda “Vicdana çağırış” Fondunun yubiley tədbirində iştirak etdiyi və burada keçirdiyi bir sıra görüşlər haqqında məlumat verib. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayan Şeyxülislam deyib ki, məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür. Hazırda bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dini dözümlülük ənənələrindən danışan Şeyxülislam A.Paşazadə qeyd edib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar, heç bir vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Şeyxülislam A. Paşazadə ölkəmizin bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tarixi, dini, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu, dini abidələrin qorunduğunu söyləyib. O, Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, bu ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını diqqətə çatdırıb.
Daniel Nadel, xanım Steysi Bernard Deyvis təmsil etdikləri qurumun fəaliyyəti barədə məlumat verib, bu səfərin əhəmiyyətli olacağını söyləyiblər. Azərbaycandakı mövcud tolerantlıq mühitini yüksək qiymətləndirən qonaqlar diqqətə çatdırdılar ki, səfər zamanı ölkəmizin bu sahədəki təcrübəsini öyrənmək niyyətindədirlər: "ABŞ hər zaman dialoq və qarşılıqlı əməkdaşlıq tərəfdarı kimi çıxış edir və əminik ki, bu səfər Azərbaycanla ABŞ arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək".
Görüşün sonunda QMİ sədri qonaqlara xatirə hədiyyələri təqdim edib.