ABŞ-da yəhudi icması və azərbaycanlılar arasında görüş keçirildi
15 sentyabr 2014 10:36 (UTC +04:00)

ABŞ-da yəhudi icması və azərbaycanlılar arasında görüş keçirildi

Amerika Birləşmiş Ştatlarındakı fəaliyyət göstərən nüfuzlu Amerika Yəhudi Komitəsi İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun iştirakı ilə tədbir keçirib. Lent.az-ın məlumatına görə, ABŞ-ın Merilend ştatında yerləşən Bet Şolom sinaqoqunda baş tutmuş toplantıya ştatın yəhudi icmasının fəal nümayəndələri və burada yaşayan Azərbaycan icmasının təmsilçiləri qatılıblar.

 

İştirakçılar qarşısında çıxış edən İsrail və Azərbaycan səfirləri ilk növbədə xalqlarımız və ölkələrimiz arasında uzun illərdən bəri davam edən dostluq münasibətləri, inkişaf edən məhsuldar əməkdaşlıq haqqında fikirlərini bölüşüblər. Onlar möhkəm dayaqlara malik olan bu münasibətlərin bir çox aspektlər baxımından nümunəvi xarakter daşıdığını bəyan edib, münasibətlərin yüksələn dinamikasına nəzər salıb iki ölkənin rəhbər şəxslərinin qarşılıqlı səfərlərinin bu prosesə verdiyi töhfəni qeyd ediblər. Bir neçə gün əvvəl İsrailin müdafiə nazirinin müstəqillik illərində ilk dəfə ölkəmizə səfər etdiyi misal gətirilib.

 

Məruzəsi əsnasında səfir Rafael Harpaz toplantının baş tutduğu gündə İsrail tərəfindən ölkələrimiz arasında diplomatik və xidməti pasport sahibləri üçün viza prosedurlarının asanlaşdırılmasına dair sazişin ratifikasiya edilməsi barədə məlumat verib. O, həmçinin Azərbaycan cəmiyyətində hökm sürən dini tolerantlığı təqdir edib və müxtəlif dinlərə mənsub şəxslərin sərbəst və təhlükəsiz bir şəraitdə yaşadıqlarını göstərib. İsrail diplomatı ölkəmizdə anti-semitizm hallarına rast gəlinmədiyini xüsusi olaraq vurğulayıb. Azərbaycanın 30 minə yaxın yəhudi icmasının qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığını sözlərinə əlavə edib.

 

Səfir Elin Süleymanov isə öz növbəsində dünyəvi dövlət olan Azərbaycanda din və vicdan azadlığının təmin edilməsi, dini-mədəni müxtəliflik, tolerantlığın qorunması və təşviqinə toxunaraq, Azərbaycan dövlət başçısının bu istiqamətdə müəyyən etdiyi mütərəqqi siyasət barədə danışıb.

 

Məruzələrin ardınca natiqlər İsrail-Azərbaycan münasibətləri, Avrasiya regionunda cərəyan edən hadisələr və ABŞ ilə çox şaxəli əməkdaşlıq haqqında sualları cavablandırıblar.

 

Hazırda ABŞ-da səfərdə olan səfir Rafael Harpazın qarşıdan gələn günlərdə Vaşinqton, Filadelfiya və Nyu-York şəhərlərində İsrail-Azərbaycan münasibətlərindən bəhs edən bir sıra birgə tədbirlərdə iştirak etməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572
avatar

Oxşar yazılar