Avropa Azərbaycanlıları Konqresi (AAK) Moldova Parlamentinin hüquq müdafiəçisi və ombudsmanı Aureliya Qriqoriunun Ermənistan Parlamentindəki çıxışından sonra baş verən hadisələrdən narahatdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu, AAK-ın Avropa Parlamentinə, siyasi və sosial institutlara, bütövlükdə Avropa ictimaiyyətinə ünvanlandığı müraciətdə qeyd olunub.
Xatırladaq ki, 2013-cü il iyunun 4-də A. Qriqoriu Ermənistanın Konstitusiya Məhkəməsinin təşkil etdiyi “Avropa Şurasının üzvü olan ölkələrdə hüquq aliliyi və sərhədlərə dair Avropa standartlarına uyğun mülahizə” adlı beynəlxalq konfransda çıxış edib. O, Ermənistan hakimiyyətini Azərbaycanın ərazilərini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırım törətməkdə ittiham edib və onu təcavüzkar kimi qiymətləndirərək Ermənistanın beynəlxalq hüquqlara riayət etmədiyini bildirib. Ermənistan Parlamentində çıxışından sonra Aureliya Qriqoriu təzyiqlərə məruz qalıb, onun ölkəni tərk etməsinə əngəllər yaradılıb. Moldova Parlamentinin səlahiyyətli üzvü təhlükə və təqiblərə məruz qalaraq, hətta şantaj edilib, ondan Ermənistandan rəsmi şəkildə üzr istəməsi tələb olunub, əks halda qisas alınacağı bildirilib. Nəhayət, Qriqoriu ölkəni tərk etdikdən sonra da Ermənistan KİV-i ombudsmana qarşı hücumları davam etdirir.
AAK hesab edir ki, Ermənistan hakimiyyətinin bu cür reaksiyası və baş verənlər dövlət səviyyəsində təşkil olunan terror aktından başqa bir şey deyil. AAK Avropa Parlamentini Moldova Ombudsmanı Aurelia Qriqoriunun obyektiv və ədalətli çıxışını, eləcə də onun söz azadlığı hüququna malik olmasını dəstəkləməyə çağırır. AAK Avropa Parlamentinə, siyasi və sosial institutlara, bütövlükdə Avropa ictimaiyyətinə müraciət edərək dəvət edilmiş parlament üzvünün çıxışına qarşı Ermənistanın qəddar, ədəbsiz və yanlış reaksiyasına diqqət yetirməyə və etiraz etməyə çağırır, bu hərəkətlə demokratik, diplomatik və ümumbəşəri normaların və dəyərlərin kobud şəkildə pozulduğunu bildirir və bunu dövlət səviyyəsində törədilmiş terror aktı kimi qiymətləndirməyi tələb edir.