"Qubad İbadoğlu və Vurğun Əyyub məhkəməyə müraciət etməlidir"
18 noyabr 2014 13:54 (UTC +04:00)

"Qubad İbadoğlu və Vurğun Əyyub məhkəməyə müraciət etməlidir"

 

 

“Müsavat Partiyasının taleyi Azərbaycan Milli İstiqlal Partiyasının, Liberal Partiyanın taleyindən fərqli olmayacaq, proseslər bu istiqamətdə gedir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

 

S. Cəlaloğlu bildirib ki, Azərbaycanda innovasiya deyilən xəstəlik var, siyasi situasiyanın, rəhbərliyin, yerin, zamanın dəyişməsi insanlarda bu cür diskomfort yaradır: “Tutaq ki, deyilən ittihamlar düzdür, qurultayda hansısa müəyyən hərəkətlər olub, İsa Qəmbər kimisə müdafiə edib, kimsə kiminsə tərəfindən çıxış edib. Bunların heç biri o cür reaksiyalara adekvat deyil. Ortada Azərbaycan müxalifətinin ən tənəzzül dövrünü yaşadığı vəziyyət, sərhədlərimizdə çox təhlükəli proseslərin getdiyi bir zaman var. Belə bir şəraitdə “filankəs partiyanın sədri oldu, filankəs partiyanın sədri olmadı” deyərək istefa vermək, yaxud öz partiyasının əleyhinə piar üçün zəmin yaradan fikirlər səsləndirmək yanlışdır. Ancaq mən əvvəlcə də İsa Qəmbərə demişdim ki, gedişin Müsavat Partiyasında çox ciddi problemlərin yaranmasına gətirib çıxaracaq.  Müxalifətdə yanlış bir fikir var, deyirlər ki, Lalə Şövkət olmasın, Əvəz Temirxan olsun, İsa Qəmbər olmasın, Arif Hacılı olsun, nə fərqi var?! Belə deyəndə də axırda bu cür vəziyyət yaranır. Liderin nə rolunu şişirtmək, nə də liderin rolunu azaltmaq lazımdır. Müsavat Partiyasındakı indiki vəziyyət liderin rolunun kiçildilməsi ilə bağlı yaranmış vəziyyətdir. İsa Qəmbərin gedişindən sonra partiyadakı qüvvələrin bir-birinə üfüqi istiqamətdəki münasibətləri konfliktlərə, ziddiyyətlərə gətirib çıxarır ki, bu da Müsavat Partiyasını zəiflədir. Təbii ki, proses elə aparılmalı idi ki, məğlub tərəf qalib tərəfi qəbul etsin. Amma orada tendensiyalar olub, şərait pis olub, imkan olmayıb, yaxud kimlərsə subyektiv olaraq prosesə müdaxilə edib və nəticədə də belə vəziyyət yaranıb. Hər halda proseslər Müsavat Partiyasının lehinə inkişaf etməyəcək.”.

 

S. Cəlaloğlu hesab edir ki, bu gün Qubad İbadoğlu, Vurğun Əyyub Müsavat Partiyasının rəhbərliyini qəbul etmirlərsə, rəhbər orqanlarda təmsil olunmurlarsa, bu o deməkdir ki, onlar Müsavat Partiyasında formal, müvəqqəti qalırlar: “Onları artıq Müsavat Partiyasından getmiş adamlar kimi qiymətləndirirəm, ərizələrini nə vaxt yazacaqlar, yazmayacaqlar, bu, fərq etmir. Bu gün bu insanlar və adını çəkmədiyimiz digər insanlar haqlı və haqsız olmağından asılı olmayaraq, partiyanın nüfuzuna zərbə vuran fikirlər deyirlərsə, ictimaiyyətdə partiya ətrafında qeyri-sağlam atmosfer yaradırlarsa, mən onları Müsavat Partiyasında olan adamlar hesab etmirəm. Hər bir partiyada problemlərin həlli nizamnamələrində nəzərdə tutulub. Partiyalarda Mərkəzi Nəzarət-Təftiş Komissiyası var, çıxardığı qərar bütün tərəflər üçün nümunə olmalıdır. Əgər o qərarla razı deyillərsə, “Siyasi partiyalar haqqında” qanuna əsasən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməlidirlər. Qubad İbadoğlu, o cümlədən Vurğun Əyyub da məhkəməyə müraciət etməlidirlər və MNTK-nın qərarını məhkəmə predmetinə çevirməlidirlər. Heç kəsin öz əleyhinə olan qərarı səmimi şəkildə qəbul etmədiyini nəzərə alsaq, belə çıxır ki, partiyanın ali orqanının istənilən qərarına etiraz edəcəksən ki, bu, ədalətsizdir, vəssalam! Partiyanın üzvlər, üzvlərin də partiya qarşısında hüquqları var, belə məsələlər hüquq müstəvisində müəyyənləşməlidir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591
avatar

Oxşar yazılar