"Azərbaycan müxalifətində dəhşətli xəstəlik yaranıb. Xüsusən çox təəssüf ki, bu, Milli Şuraya aiddir. Axı elə insanlar var ki, onlar demokratiyaya müəyyən məsafəyə qədər yardım edə bilir, gücü o qədər çatır. Sən gücü on kilometrə çatmayan adamı on kilometr qaçırdarsan, ölər... Birinə durub deyirlər ki, sənin keçmişin ləkəlidir, digərinə deyirlər, sənin gələcəyin pisdir, o birinə deyirlər sənin mənimlə münasibətin pisdir; hamı kənara çəkilsin, demokratiya ilə biz ikimiz məşğul olacağıq. Qalan heç kim məşğul ola bilməz".
Lent.az-ın xəbərinə görə, bunu "Yeni Müsavat" qəzetinə müsahibəsində Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib.
İ. Ağazadə bildirib ki, müxalifətdə bu işlə məşğul olan "ikili" var: "Onların ikisinin də adları hər kəsə bəllidir... Yəni bu şəkildə yanaşma xəstəlikdir, ciddi şəkildə xəstəlikdir. Bu, Azərbaycan müxalifətinin bütövlükdə mübarizə strategiyasını zədələyir. Müxalifətçiliyin bir vəzifəsi var, ətrafına daha çox insan yığmaq. Çünki insan resursu olmasa, müxalifət partiyası, düşərgəsi siyasi gücə çevrilməz. Siyasətdə kəmiyyət həlledici amildir. Bu adamlar da Azərbaycan müxalifətini daim təkləməyə çalışırlar - bütün sferalarda. Üç-beş nəfər rəy adamı deyilən adam çıxarıblar, sosial şəbəkədən tutmuş hara qədər, hər kəs ağlına gələni danışır. Deyir mən siyahı tutmuşam, sən də qol çək... Axı, adına “siyasi dustaqlar” dediyin sənin siyahında rüşvət alan da var, siyasətə heç aidiyyatı olmayanlar da... İkinci tərəfdən, əvvəlcə sual ver, mən sənə etimad göstərirəmmi? Mən sənə, digər təqdimatçıya etimad göstərmirəmsə, sənin siyahına imza ata bilmərəm. Sən o siyahını tərtib etmək üçün imza atacaq şəxsləri əvvəlcə bəlli etməlisən və deməlisən bir nümayəndə verin, bunu təhlil edək. Və ya bacarıqlı ekspertlər əvvəlcə onların cinayət işinin xülasəsini ortaya qoymalıdır ki, bu cinayət işinin xülasəsi Cinayət Prosessual Məcəlləsinin tələblərində və qondarma ittihamlarla olub. Bunların heç biri yoxdur, adam siyahı müəyyən edib, qol çəkməyəndə deyir, sən vətən xainisən, sən alçaqsan, sən şərəfsizsən. Bu şəkildə yanaşma olmur. Bu, nəhayətdə ciddi xəstəlikdir. Çox ciddi xəstəlikdir. Bu adamları müalicə etmək lazımdır".
İ, Ağazadə adını çəkmədiyi müxalifətçilərə mesaj da göndərib: "Onlara xitabən deyirəm: əgər sən məni qəbul etmirsənsə, İqbal Ağazadəni görməzlikdən gəlmək istəyirsənsə, hakimiyyətin səni görməməsi çox təbiidir. Sən düşərgədəkilərə, siyasi səhnənin komponentlərinə necə yanaşırsansa, hakimiyyət də sənə o cür yanaşır. Baxıram indi hakimiyyətin də yanaşmasında, ayrı-ayrı sosial şəbəkələrdə, bir də görürsüz biri haqqında bir video material, otağına girmə, ailəsinə girmə və sair və sair...
Bu, çox tərbiyəsiz bir şeydir. Heç kimin özəl həyatına heç kim müdaxilə edə bilməz, kimin nə etməyindən asılı olmayaraq. Amma yadıma tarixçələr düşür... 1993-cü ildə ünlü bir müxalifət liderini elə bu gün ünlü deyilən bir müxalifət lideri şantaj etmişdi - bir kasetlə, onun şəxsi həyatı ilə. Biri qadın olmaqla, iki nəfərin səsi yazılmışdı və onunla şantaj olunmuşdu. Bu, faciədir. Siyasətdə bu cür çirkli oyun qaydasını o tətbiq edib... O zaman şantaj olunan adam təşkilatdan çıxıb getmişdi sonda".
"Qafqazinfo.az" saytı isə araşdırmalarına əsasən yazıb ki. İ. Ağazadənin nəzərdə tutuduğu şəxs AXCP sədri Əli Kərimlidir. Belə ki, 1993-cü ilin sonlarında AXC sədrinin müavini olan Ə. Kərimlinin təşkilatçılığı ilə o zaman partiyanın İcraiyyə Komitəsinin sədri olan İbrahim İbrahimlinin gizli səsi yazılıb. Səs yazısını isə jurnalist Natella Asena həyata keçirib. Sonradan bu səs yazısı ilə İ. İbrahimli şantaj edilib. Uzun müddət davam edən daxili qarşıdurma və şantajlardan sonra İ. İbrahimli 1995-ci ildə təşkilatı tərk etmək məcburiyyətində qalıb.