Millət vəkili AŞPA-da çıxış edərək işğalçı Ermənistanın prezidentini təşkilata dəvət edən AŞPA rəhbərliyinə etirazını bildirib.
Lent.az-ın məlumatına görə, bu gün AŞPA-da Azad Müzakirələrdə (Free Debate) çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva ildönümü yaxınlaşan Xocalı soyqırımından danışıb. İşğalçı Ermənistanın prezidentini təşkilata dəvət edən AŞPA rəhbərliyinə etirazını bildirib və Sarkisyanın səsləndirdiyi yalanlara sərt cavab verib. Çıxışına Qarabağla bağlı yalanlarla çıxış edən Ermənistan nümayəndə heyətinə sərt etirazla başlayan Q.Paşayeva onları ciddi ittiham edib və Xocalıdan danışıb:
”Düz 1 ay sonra biz Ermənistanın 1992-ci həyata keçirdiyi Xocalı soyqırımının ildönümünü qeyd edəcəyik. Bu cinayəti törədənlər hələ də azad şəkildə Ermənistanda gəzirlər və ədalət qarşısında cavab verməyiblər. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından, o cümlədən Xocalıdan çıxarılmasını tələb edən Assambleyanın 1416 saylı qətnaməsi Ermənistan rəhbərliyi tərəfindən son 13 ildə yerinə yetirilməmiş qalır. Buna baxmayaraq Assambleya tərəfindən Ermənistanın bu cür hərəkətinə qarşı heç bir ciddi addım atılmayıb".
Millət vəkili onu da qeyd edib ki, xalqımız AŞPA-dakı ikili standartların səbəbini anlaya bilmir.