Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair bir qrup azərbaycanlı tərəfindən müraciət edilməsi xəbəri yayılıb. Müraciəti QHT təmsilçisi, KİV əməkdaşı, hüquqşünas və s. olmaqla 58 nəfərin imzaladığı qeyd edilir.
Mövzu ilə bağlı “Yeni Müsavat” qəzetində dərc olunmuş müəllif yazısında bildirilir ki, hazırkı həssas dönəmdə Azərbaycanın beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da təmsilçiliyin alınması, səsvermə hüququnun dayandırılması birmənalı şəkildə Ermənistanın marağındadır.
“Hələ 2016-cı ilin oktyabr-noyabr aylarından başlayaraq, erməni KİV-lərində belə bir xəbər yer almağa başlamışdı ki, 2017-ci ildə Ermənistanın hədəflərindən biri də Azərbaycanın AŞPA-da fəaliyyətini əngəlləməkdir. Çünki son 2 ildə AŞPA-da Ermənistan əleyhinə mühüm qərarlar verilib, bu məhz Azərbaycanın uğurudur. Məsələn, 2016-cı ildə ilk dəfə olaraq AŞPA-da Ermənistanın işğalçı kimi rəsmən tanındığını özündə ehtiva edən 2085 saylı qətnamə qəbul edilib. Bundan başqa, 2015-ci ildə Ermənistanın təşəbbüsü ilə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamənin qəbuluna imkan verilməyib. Bu səbəbdən Ermənistanın Azərbaycanın beynəlxalq aləmdəki uğurlarının qarşısını almaq üçün ən müxtəlif oyunlar quracağını erməni KİV-ləri açıq şəkildə yazıblar.
İndi nə baş verir; məhz Ermənistanın marağında olan bir məsələ - Azərbaycanın AŞPA-da təmsilçiliyinin dayandırılmasına dair müraciət azərbaycanlılar tərəfindən imzalanır və adıçəkilən quruma ünvanlanır” - deyə yazıda qeyd olunur.
Yazı müəllifi qeyd edir ki, sənədi imzalayanların “azı 80 faizi AXCP sədri Əli Kərimlinin ətrafında olan adamlardır, Milli Şura üzvləridir! O Əli Kərimlinin ki, hətta 2016-cı ilin aprel savaşları zamanı Azərbaycanda ermənilərin əlinə işləyən açıqlamalar verən yeganə siyasi lider olmuşdu...”
Yazıda qeyd olunur ki, məlum oyunun təşkilatçısı, maliyyələşdirilməsi bir ermənipərəst təşkilat tərəfindən həyata keçirilir: “Bu, yenə də PİN (People In Need) təşkilatıdır.
Hələ 2014-cü ildə Gürcüstanda keçirilən regional bir tədbirdə bu təşkilatın dolayısı ilə Ermənistanın təsiri altında olduğu, Azərbaycana qarşı kampaniya təşkil edildiyi üzə çıxmışdı və böyük bir skandal yaranmışdı. PİN haqqında mediada yayılmış faktlardan, iddialardan biri də odur ki, bu təşkilatın rəhbər şəxsləri 2010-cu ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən Dağlıq Qarabağ ərazisində orqan alveri ilə məşğul olduqlarına görə yaxalanıblar və “verbovat” ediliblər. Ermənistanın dəstəkçisi olan Rusiya PİN-dən həm də zaman-zaman Azərbaycana qarşı istifadə etmək imkanına da malikdir...”
Yazıda bildirilir ki. Avropa təsisatlarında təmsilçilik Azərbaycan iqtidarından daha çox Azərbaycanın vətəndaş cəmiyyətinə, Azərbaycan demokratiyasına lazımdır.
“Məgər hansısa düşüncəli azərbaycanlı bilmirmi ki, Azərbaycanın inkişaf perspektivləri Avropa təsisatları ilə əməkdaşlıqdan keçir? Əlbəttə, ağlı kəsən hər kəs bilir. Bu səbəbdən də belə bir müraciətin ünvanlanması ancaq dövlətçilik maraqlarına zərbədir, şəxsi ambisiya və maraqlardır, bilərəkdən və (ya) bilməyərəkdən Ermənistanın Azərbaycana qarşı oyunlarında iştirakçılıqdır”.