Rusiyanın Nijni Novqorod şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Nijni Novqorod regional bölməsi (NRO) və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Nijni Novqorod nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbir içtirakçıları Ermənistan-Azərbaycan münaqişəsinə və “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dair ədəbiyyat və multimedia məhsulundan, “AMOR”, “Baku”, “İRS-Naslediye” jurnallarından, Heydər Əliyev Fondunun nəşrlərindən ibarət mini-sərgi ilə tanış olublar. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
ÜAK-ın Nijni Novqorod regional bölməsinin icraçı direktoru Roman Ağayev çıxışında bildirib ki, dünya azərbaycanlıları erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində təsvirolunmaz vəhşilik və amansızlıqla qətlə yetirilmiş dinc sakinlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirirlər: "Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası başlanıb. Bu kampaniya dünya ictimaiyyətinin Xocalı soyqırımı barədə məlumatlandırılmasında mühüm rol oynamağa davam edir".
Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun “Xocalı soyqırımı” və CBC teleşirkətinin “Xocalı haqqında həqiqət” sənədli filmləri, hadisələrin şahidi – hərbi təyyarəçi Leonid Kravetsın müsahibəsi, habelə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar erməni ziyalılarının nümayəndələrinin Azərbaycan xalqına başsağlığı sözləri olan çarx təqdim edilib.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR sədri Leyla Əliyevanın videomüraciəti nümayiş etdirilib. Sonra AMOR-un Nijni Novqorod nümayəndəliyinin başçısı Oksana Vəliyeva kampaniyanın məqsəd və vəzifələri, nəticələri və əhəmiyyəti barədə məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən rusiyalı tanınmış tarixçi Oleq Kuznetsov 1980-cı illərin sonu 1990-cı illərin əvvəlində Azərbaycanın ermənilərdən ibarət, Avropada Türkiyə diplomatlarını qətlə yetirmiş, 1977-ci ilin yanvarında Moskvada terror aktları törətmiş mütəşəkkil terrorçu qruplaşma ilə üzləşdiyini bildirib: “Əslində, Azərbaycan ASALA və digər erməni terror təşkilatlarının simasında beynəlxalq terrorizmlə üzləşib. Bu təşkilatlar SSRİ-yə qarşı məqsədyönlü fəaliyyət göstərir, o dağılandan sonra isə Azərbaycan ərazisində vəhşiliklər törədiblər. Vaxtilə Rusiya da Çeçenistanda bu problemlə üzləşib. İndi isə biz Suriyada İŞİD-in simasında bütün bunların davamını müşahidə edirik. Odur ki, Dağlıq Qarabağda separatçı rejimin məhv edilməsi bütövlükdə beynəlxalq terrorizmə qarşı real mübarizənin başlanğıc nöqtəsi olacaq”.
Nijni Novqorod Dövlət Texniki Universitetinin professoru Yan Şvarts vurğulayıb ki, Xocalıda vəhşiliklər erməni faşistləri tərəfindən törədilib: "Suriyada beynəlxalq terrorizmlə qarşı mübarizə aparan Rusiyada bu barədə cəsarətlə danışmalı və susmamalıdırlar”.
Moskva Dövlət Yollar Universitetinin Nijni Novqorod filialının direktoru Andrey Xomov, tanınmış yazıçı-publisist, Azərbaycan DİN-in sabiq əməkdaşı Valeri Tatarintsev, “Rusiya Veteranlar İttifaqı” Nijni Novqorod vilayət təşkilatının sədri, Azərbaycanın Kürdəmir rayonunda hərbi aerodromda xidmət etmiş, istefada olan general-mayor Gennadi Sokolov və başqaları da Azərbaycan xalqına başsağlığı veriblər.
ÜAK NRB-nin sədri Azad Səmədov tədbirin iştirakçılarına və qonaqlara təşəkkür edərək bildirib ki, ədalət o zaman zəfər çalacaq ki, Xocalı qırğını dünya birliyi tərəfindən soyqırımı aktı kimi qəbul ediləcək, iddia müddəti olmayan bu qorxunc cinayətin günahkarları cəzalandırılacaq və cinayətlərinə görə Xocalı soyqırımına dair beynəlxalq tribunala cəlb ediləcəklər.