Prezident İlham Əliyev oktyabrın 2-də Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Qranata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub.
Lent.az-ın məlumatına görə, Şamaxı rayonunda da əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri isə vaxtilə böyük şöhrət qazanıb. Belə ki, ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilib. Sonradan Sovet İttifaqının dağılması, 1990-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarıb. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. Təsadüfi deyil ki, Şamaxıda da son illər təsərrüfatın bu gəlirli sahəsi sürətlə inkişaf edir. Artıq üzüm bağlarının sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1550 hektarı məhsul verir. Mütəxəssislər cari mövsümdə rayonda 14 min tondan çox üzüm istehsal olunacağını proqnozlaşdırırlar.
“Az-Qranata” MMC də Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görüb. Beş ildir ki, məhsul istehsal olunur. 2016-cı ildə “Az-Qranata”-nın üzüm bağlarından 3 min ton məhsul tədarük edilib.
Dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib.
***
12:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib.
Lent.az azərtac-a istinadən xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.
Bildirildi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin 2 magistral avtomobil yolu - M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları arasında yeni bir bağlantı yaratmaq, respublikadakı turizm potensialından daha uğurlu istifadə etmək məqsədilə 2011-ci ildə 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisinə başlanılıb. Yolun uzunluğu 53 kilometrdir. Görülən işlər nəticəsində Qazax-Kosalar avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Bundan başqa, yol boyunca müxtəlif diametrli 53 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 795 metrdir. Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 363 yol nişanı quraşdırılıb, 132,5 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Bildirildi ki, bu avtomobil yolunun tikintisi Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasında 53 kilometr uzunluğunda yeni avtomobil yolu əlaqəsi yaradacaq. Bu da indi istifadə edilən hərəkət marşrutları ilə müqayisədə orta hesabla 120-180 kilometr az məsafə qət etməyə, yanacağa və vaxta qənaət etməyə imkan verəcək.
Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisi zamanı rayonun Adnalı və Çarxan kəndlərinə giriş yollarında təmir işləri aparılıb. Adnalı kəndinin dörd kilometrlik giriş yolu 4-cü texniki dərəcəyə uyğun inşa olunub. Çarxan kəndinin eyni texniki dərəcəyə uyğun inşa edilən giriş yolunun uzunluğu isə 3,2 kilometrdir. Adnalı və Çarxan kəndlərinə giriş yollarının təmiri 4,2 min nəfər əhalinin yaşadığı 2 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
Prezident İlham Əliyevə Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Dövlətimizin başçısının 2017-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq ümumi uzunluğu 11 kilometr olan Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat vəsait ayrılıb. Yol-tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Hərəkət hissəsinin eni 6 metr olan bu yolun tikilməsi 14 min nəfər əhalinin yaşadığı 4 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
11:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gedib.
Lent.az-ın AzərTAc- istinadən xəbərinə görə, dövlət başçısı Şamaxı şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.