Metsamor Atom Elektrik Stansiyası : hər an partlamağa hazır olan “bomba”
06 dekabr 2017 11:08 (UTC +04:00)

Metsamor Atom Elektrik Stansiyası : hər an partlamağa hazır olan “bomba”

 

Regionun ətrafında cərəyan edən təhlükə

Ermənicə adı Oktembryan  olan və yerləşdiyi bölgənin adıyla tanınan Metsamor Atom Elektrik Stansiyası bugün dünyada ən köhnə nüvə texnologiyası ilə inşa edilmişdir. Bu da onu dünyanın ən təhlükəli stansiyası edir. Ermənistanın paytaxtı İrəvandan təxminən  40 km qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə  Sovet İttifaqı dövründə - 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismara verilmişdir.  

7 dekabr 1988-ci ildə baş vermiş və 25 min insanın ölümü ilə nəticələnmiş Spitak zəlzələsinin episentri Metsamor stansiyasından 75 km aralıda idi. Zəlzələdən sonra böyük zərər görən stansiya bu vəziyyətdə ikən 3 ay yenə işlədilmiş, yerli əhalinin təzyiqlərindən  və Sovet hakimiyyətinin təhlükəsizlik sarıdan narahatlığa görə bağlanmışdır. Lakin Ermənistanın enerji ehtiyacının  40 faizini  qarşılayan stansiyanın bağlanması enerji böhranına səbəb olmuşdu.  Bu isə  təbii qaynaqlar baxımından da kasıb olan ölkədə sosial və iqtisadi çöküşə gətirib çıxarmışdı. Bu böhrandan çıxmaq üçün beynəlxalq tənqidlərə baxmayaraq Metsamoru yenidən açmağa qərar verən Ermənistan hökuməti 1994-cü ilin martında Rusiya ilə Stansiyanın işə salıması üçün lazım olan maddi-texniki dəstəyi özündə ifadə edən bir anlaşma imzaladı və 1995-ci ildən etibarən “saatlı bomba” yenidən işə düşdü ...  Bununla da Metsamor  dünyada ilk dəfə olaraq bağlandıqdan sonra yenidən istifadəyə verilən AES olma “özəlliy”ini də daşıdı. Stansiyanın birinci bloqu zəlzələ nəticəsində əsaslı zərər görmüş, təmir işlərinə baxmayaraq işlək vəziyyətdə olmadığından bağlanmışdır. Birinci bloqun içindəki uranın “aqibəti” - nəzarətsiz buraxılması - da  bölgə üçün ayrıca bir təhlükə mənbəyidir. Stansiyanın keçmiş baş direktoru Suren Azatyan müsahibələrindən birində hələ də “Metsamor”dan radioaktiv maddələrin sızmasına əmin olmadığını bildirmişdi.  1995-ci ildə Avropa və ABŞ tərəfindən “Metsamor” stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar pul xərclənib. Bununla belə, Avropa Birliyi bu stansiyanı köhnə və azetibarlı olaraq qiymətləndirmişdir.  

Stansiyanın mütləq bağlanması vacibliyini vurğulayan AB bu məqsədlə 100 milyon avro verməyə hazır olduğunu bildirmişdi. AB bu məbləği stansiyanın bağlanması müqabilində Ermənistanın üzləşəcəyi zərərin ödənilməsi və alternativ enerji qaynaqlarının yaradılması üçün verməyi planlaşdırmışdı.  Həmçinin ABŞ Enerji Nazirliyi Ermənistana 18 milyon dollar, AB 11 milyon dollar maliyyə dəstəyi etmişdir.  Fransa nüvə tullantılarının depolanması üçün 40 milyon dollar, İngiltərə isə təhlükəsizlik tədbirləri üçün 80 milyon sterlinq ayırmışdı. Bütün bu yardımlar Ermənistanın stansiyanı bağlaması öhdəliyini tezliklə yerinə yetirməsi üçün edilirdi.  Ancaq Ermənistan hökuməti bu miqdarı yetərsiz görmüş və fantastik bir məbləğ – 1 milyard avro tələb etmişdir. Ermənistanın o vaxtkı baş naziri Andranik Margaryan AB tərəfindən təklif olunan  100 milyon avronun Metsamorun bağlanmasına və onun yerinə qurulacaq alternativ enerji qaynaqlarının yaradılmasına yetməyəcəyini ifadə etmişdi. Heç bir əsası olmayan və ödənilməsi mümkünsüz olan bu məbləğ AB rəhbərliyi tərəfindən qəbul edilməmişdir. Buna cavab olaraq Ermənistan da Metsamoru bağlamayacağını elan etmişdi.

1999-cu ildə Brusseldə Ermənistan hökuməti ilə AB arasında Metsamorun 2004-ci ilə qədər bağlanması ilə əlaqədar razılıq imzalanmışdı. Həmçinin Ermənistan 25 yanvar 2001-ci il tarixində də Avropa Şurasına üzv olarkən, 2004-cü ilə qədər Metsamoru bağlamağı öhdəçiliyinə götürmüşdü. Öhdəliyə rəğmən Ermənistan höküməti bu sahədə fəaliyyətə başlamamış, əksinə ölkədə yaşanan elektrik sıxıntısını bəhanə edərək stansiyanın elektrik istehsal gücünü daha da artırmışdı.

2004-cü ilin fevralında Avropa Parlamenti tərəfindən yayımlanan Cənubi Qafqaz Raportunda stansiyanın bağlanılmasının vacibliyi açıq şəkildə vurğulanmışdır. Raportda Bolqarıstandakı Kozludou ilə birlikdə Avropanın ən təhlükəli iki stansiyasından biri olaraq elan edilən Metsamorun AB standartlarından çox aşağı olduğu vurğulanmışdır.

2011-ci il Yaponiya zəlzələsi heç bir AES-in təhlükəsizliyinin mütləq şəkildə təmin olunmadığını sübut etmiş oldu. Həmçinin zəlzələ Beynəlxalq Atom Enerjisi Agentliyi və digər beynəlxalq qurumların məsələ ilə bağlı həssaslığını gücləndirdi. Metsamorun region üçün  təhlükəsini artıran bir amil də məhz onun davamsızlığı ilə bağlıdır. Belə ki, Yaponiyadakı belə stansiyalar Sovet İttifaqında tikilənlərə nisbətdə zəlzələyə daha davamlı olmasına baxmayaraq baş vermiş zəlzələnin fəlakətləri Metsamor AES-in region üçün təhdidini təkzibedilməz edir.  Ermənistan rəsmiləri isə israrla bildirirlər ki, indi Yaponiyanın üzləşdiyi atom  böhranından Ermənistan sığortalıdır. Onların iddialarına görə, Metsamor stansiyasının reaktorları 8 bal gücündə zəlzələyə davamlıdır. Ermənistanın Nüvə Təhlükəsizliyi üzrə Dövlət Komitəsinin rəhbəri Ashot Martirosyan iddia edir ki, Metsamor stansiyasının soyutma sistemi Yaponiyanın Fukusima-1 stansiyasının sistemindən daha etibarlıdır. Bu yolla da bütün təzyiq və iradlara baxmayaraq stansiyanın “təhlükəsizliyini” qaranti altına almaq istəyən Ermənistan hökuməti hər vəchlə özünü doğru çıxartmağa çalışır.

Beynəlxalq standartlara əsasən, 5 və ondan yuxarı şiddətdəki zəlzələlərin başvermə ehtimalı olan bölgələrdə atom stansiyasının inşasına icazə verilməməlidir.  Ermənistandakı AES isə SSRİ dövründə heç bir önləm alınmadan 9 bal gücündəki  zəlzələ yaşana biləcək bir bölgədə salınmışdır. Sovet elm adamları stansiyanın belə bir təhlükəli ərazidə tikilməsinin əleyhinə olsalar da Sovet bürokratiyası bu çağırışlara məhəl qoymadı. Metsamor inşa ediləndə onun 8 bal zəlzələyə davamlı olması bildirilmişdi. Həmişəki kimi quru pafoslarla beynəlxalq aləmin gözünə pərdə asmağa çalışan erməni mənbələri guya onun, hətta  9,5 bal zəlzələyə tab gətirə biləcəyini qeyd edirlər. Bu bəyanat insanda ikrah hissi doğurur. Yaponiya, ABŞ kimi elm və texnikanın sürətlə inkişaf etdiyi dövlətlərdə belə 9 bala davam gətirən hansısa bina inşa olunmayıb. Lakin yalanın, savadsızlığın, cahilliyin yüksək inkişaf etdiyi Ermənistan bu “bina”dan xəbərdardır. Erməni hakim dairələri nəinki region əhalisinin, hətta öz vətəndaşlarının belə həyatını heçə sayır.

Yalnız dünya ekspertlərinin deyil, Ermənistanın aparıcı ekspertlərinin də stansiyanın vəziyyəti ilə bağlı verdikləri proqnozlar heç də ürəkaçıcı deyildir. Erməni ekoloji təşkilat fəalları hesab edirlər ki, Metsamor olduqca təhlükəlidir. Ermənistanda “Yaşıl Birlik” adlı qeyri-hökumət təşkilatının rəhbəri Hakob Sanasaryan stansiyadan gələn təhlükəni belə izah edir:  “Stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34 kilometr, o biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, həmin stansiyanın heç bir təhlükəsi yoxdur”.  Britaniyadakı nüvə fizikası üzrə mütəxəssis Frank Barnaby isə hesab edir ki, Metsamor stansiyasının dizaynı və yaşı onun zəlzələyə davamlı olmasına şübhələr yaradır.  Stansiyanın bütövlükdə region üçün təhdid olması 2011-ci ildə dünyaca məşhur  “National Geographic” jurnalının  Erməni atom stansiyası dünyada ən təhlükəlidir? (“Is Armenia’s Nuclear Plant the World’s Most Dangerous?”) başlıqlı məqaləsində  qeyd olunmuşdur. Avstriya Tətbiqi Ekologiya İnstitutunun əməkdaşı Antonio Venis jurnala açıqlamasında bildirmişdir ki, son illər stansiyada həyata keçirilən təhlükəsizlik tədbirlərinə baxmayaraq, təhlükəsizliyin ümumi səviyyəsi heç də əhəmiyyətli dərəcədə yaxşılaşmayıb.  

Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu AES-in aktiv seysmik  zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatçılıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiyə dövlətləri dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər. Lakin Ermənistan rəhbərliyi heç bir müraciəti nəzərə almamaqda davam edir. Hətta bütün təzyiq və narazılıqlara baxmayaraq Ermənistan hökuməti uzun müddət AES-in yeni blokunun tikintisi ilə bağlı məsələni işıqlandırmışdır. Belə ki, 1980-ci ildən etibarən istifadəyə verilən Metsamor “Armenia 2” reaktoru olsa da, hökumət 2018-ci ildə yeni bir reaktoru “Armenia 3”-ü reallaşdırmağı qərara alıb.

2013-cü ildə Ermənistan hakimiyyəti böyük pafosla yeni 1060 MVt gücündə energetik reaktor tikmək haqqında qərar verdi. Layihə-smeta işləri aparıldıqdan sonra məlum oldu ki, bu iş onlara 5 milyard dollara başa gələcək. Bundan sonra “üzlü” hökumət nümayəndələri müxtəlif dövlətlərə əl açdılar. Yalnız Rusiya bu məbləğin 20-25%-i məbləğində kredit verməyə razılaşdı. İllik büdcəsi təkcə Azərbaycanın hərbi büdcəsi miqdarında olan Ermənistan qalan məbləği tapmadığından bu arzusunu uzaq gələcəyə - 2026-cı ilə yönəltdi. 2014-cü il 27 mart tarixində  Metsamor AES-in yeni blokunun tikintisinin təxirə salınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentində qəbul olundu. Qanun layihəsində AES-in köhnə blokunun 2016-ci ilə kimi işlədilməsi əks olunmuşdu. Ermənistanın energetika naziri Armen Movsisyan buna baxmayaraq, AES-in yeni blokunun tikintisi ideyasının təxirə salınmasını qlobal maliyyə böhranı ilə əlaqələndirərək, fəaliyyətlərini davam etdirəcəklərini bildirmişdi.

Avropa İttifaqı ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan "Hərtərəfli və Genişləndirilmiş Əməkdaşlıq Sazişi" adlı sənəddə "Metsamor" AES-in vaxt keçdikcə istisamardan çıxarılması qeyd edilir. Bu bənd erməni ictimaiyyəti arasında ciddi müzakirələrə səbəb olub. Çünki istənilən halda "Metsamor" AES-in bağlanması elektrik tarifi və onun nəticələrinin artmasına səbəb olacaq ki, bu da Ermənistan rəhbərliyini ciddi narahat edir. ABŞ-ın nüfuzlu “Washington Post” nəşrinin 8 noyabr 2017-ci il tarixli region üçün ciddi təhlükə mənbəyi olan Metsamor AES-indən bəhs edən yazısı dərc edildi. Fotolarla təqdim olunan məqalədə müəllif Stefano Morelli AES-in yerləşdiyi Metsamoru “Həyatla ölümün arasında yaşayan şəhər” kimi təqdim edərək, seysmoloji cəhətdən təhlükəli ərazidə tikilən AES-də nüvə reaktorunun da müdafiə örtüyü olmadan fəaliyyət göstərdiyini diqqətə çatdırmışdı. Müəllif vurğulamışdır ki, 2011-ci ildə “National Geographic” Metsamoru” dünyanın ən təhlükəli atom elektrik stansiyası adlandırıb. Morelli bu ilin yanvar ayında bölgəyə səfər edərək bu şəhərin acınacaqlı vəziyyətini fotoaparatın obyektivinə köçürüb. Müəllifi ən çox heyrətləndirən isə enerji çatışmazlığı üzündən şəhərin küçələrinin belə işıqlandırılmaması olub. Rusiyalı ekspert Yuri Uşkov isə bu məsələni şərh edərkən deyib ki, Ermənistanın bu ölüm kabusunu işlətməkdən başqa əlacı yoxdur, çünki əks halda o, elektrik enerjisini idxal etməli olacaq. Dilənçi vəziyyətində olan ölkənin buna sadəcə maddi imkanı yoxdur. Üstəlik, qonşu ölkələrdən heç birinin Ermənistana elektrik enerjisi ötürmək imkanının olmadığını deyən ekspert bildirir ki, bu halda İrəvanın yeganə əlacı Azərbaycandadır.

“Fukusima” qəzasından sonra Avstriya, Yunanıstan, İrlandiya, Latviya, Lixtenşteyn, Luksemburq, Malta və Portuqaliya nüvə enerjisinə qarşı ortaq bir bildiriş imzaladı. Hələ “Fukusima” faciəsindən əvvəl, İspaniya, Almaniya və İsveç nüvə enerjisindən tamamilə imtina etmək qərarı almışdı. İtaliya da “Çernobıl” faciəsindən sonra stansiyaları bağlamış və 2011-ci ildə keçirilən referendumda yeni stansiyanın tikilişinə ölkə əhalisinin 90 faizi “xeyr” demişdi. Danimarka 1970-ci illərdən etibarən nüvə stansiyaları qurmamaq qərarını verib. İsveçrə elektrik ehtiyacının 38 faizini qarşılayan 5 reaktoru 2034-cü ilə qədər bağlamaq qərarı vermiş, 3 layihəni rədd etmişdi. Belçika isə elektrik ehtiyacının demək olar ki, yarısını qarşılayan 7 stansiyanı 2025-ci ilə qədər bağlamaq qərarı verib. Almaniya da 17 nüvə reaktorunun 8-ini 1980-ci ildən əvvəl bağlamış, qalanlarını isə 2022-ci ilə qədər bağlamaq qərarı vermişdir. Avstriya isə  bir nüvə stansiyası qurmuş, lakin xalq razı olmadığı üçün heç istifadəyə belə verməmişdir. Əgər 20 il əvvəl dünyada tükədilən enerjinin 17 faizi nüvədən əldə edilirdisə, bu göstərici günümüzdə təqribən 11 faiz civarındadır. 2030-cu ildə isə 5 faizə qədər düşəcəyi ehtimal edilir. 

Göründüyü kimi, nüvə təhlükəsini dərk edən Qərb dövlətləri baş verən qəza və fəlakətlərdən nəticə çıxararaq ölkələrində nüvə enerjisini maksimum surətdə azaltmışlar. Lakin Ermənistan indiyədək ümumilikdə 5 böyük və 150-dən artıq kiçik qəza yaşamış, köhnə texnologiya üzərində qurulmuş, hər an partlamağa hazır olan “saatlı bomba” adını almış  Metsamorun istifadəsində israrlıdır ... Çünki maddi maraq insan  təhlükəsizliyindən, ekoloji sağlamlıqdan daha üstündür. Bugün Metsamor AES Ermənistanın elektrik enerjisi ehtiyatının 40 faizini təmin etməklə qalmayıb, həm də Ermənistanın İran və Gürcüstana elektrik enerjisi ixracında mənbə rolunu oynayır.

 

 

Bizi gözləyən fəlakət ...

Metsamorda baş verəcək hər hansı bir hadisənin gətirəcəyi fəlakəti təsəvvür etmək üçün elə yaxın keçmişə müraciət etmək kifayətdir. XX əsrin ən dəhşətli faciələrindən biri hesab olunan Çernobıl fəlakəti istər şahidləri, istərsə də hadisə barəsində eşitmiş hər bir kəsi hələ də həyəcanlandırır, düşündürür. Çernobıl faciəsi zamanı partlayış zolağındakı reaktora daxil olan ilk jurnalistlərdən biri - Vladimir Qubarev yazırdı: “Çernobıl bir müharibədi. 20-ci yüzilin müharibəsi. Daha əvvəlkilərdən fərqli bir müharibə; insanların öldüyü və ölməyə davam etdiyi bir müharibə”. Çernobıl qəzası 7000-ə yaxın insanın ölümü, 25000 insanın güclü radiasiya nəticəsində ömürlük şikəst olması, on minlərlə insan isə sonsuz qalması ilə nəticələndi. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-ndə əlillik yaranır. Hadisədən 31 il keçməsinə baxmayaraq , radiasiyanın fəsadları hələ də Avropada tüğyan etməkdədir. Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edilir. Rəsmi məlumatlara görə, onların 15 mini, qeyri-rəsmi məlumatlara görə isə 95-100 mini bir neçə ildən sonra dünyasını dəyişir. Fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. 2011-ci il 11 mart tarixində Yaponiyada baş vermiş şiddətli zəlzələ isə böyük fəlakətlərə yol açmaqla bərabər, nüvə təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırdı. Modern, güvənilən yüksək texnologiyaya sahib, çalışqanlıqları və məsuliyyətləriylə məşhur yaponlar belə bu cür qəza ilə baş çıxarmaq qabiliyyətinə malik olmadıqlarını etiraf etdilər. Təkcə qəza nəticəsində reaktorlarda ərimiş radioaktiv yanacağın təmizlənməsi 40 il davam etməlidir...

2017-ci il 5 iyun tarixində “Delovoy Ekspress” internet portalında dərc olunmuş “Külək əsdirsən, fırtınada boğularsan!” adlı məqalədə Metsamor AES-in atom bloklarının istismarının ətraf mühit və qonşu ölkələr üçün riskli olduğu qeyd edilirdi. Yazıda Çernobıl AES-də baş vermiş qəzanın nəticələri yada salınmış və hazırkı dövrdə Çernobıl qəzasına bənzər fəlakətin təkrar olunacağından sığortalanmadıqları bildirilirdi. Məqalədə diqqət çəkən digər məqam ekspertlər tərəfindən Metsamor AES-də baş verə biləcək hər hansı qəza zamanı itkilərin 10 min nəfərədək olacağı, bunlardan 3,5 min nəfərinin tamamilə məhv olacağı barədə söylənilən fikirlərdir. 17 oktyabr 2017-ci il tarixində "Ermənistanın "Məlumatlı Vətəndaşlar Birliyi"nin Metsamor AES-in yaradacağı təhlükə və risk barədə yayadığı informasiyada qeyd olunur ki, nüvə stansiyası ətrafında yaranacaq təhlükə milyonlarla insanın sağlamlığına təhlükə yarada, Ermənistanın demək olar ki, bütün ərazilərinin məhvinə gətirib çıxara bilər. Bildirilir ki, yarım əsr əvvəl hazırlanan bu reaktorların yeni nəsil reaktorlarla təchiz edilmiş təhlükəsizlik sistemi yoxdur, xüsusilə, 2026-cı ildə "Metsamor" AES-in 2-ci enerji blokunun dünyanın ən qədim reaktorlarının birinə çevriləcəyini nəzərə alarsaq, daha təhlükəsiz əməliyyat perspektivlərini təsəvvür etmək çətindir.

4 noyabr 2017-ci ildə Fransanın “Le Monde Diplomatique” saytında dərc edilmiş “Metsamor - gələcək Çernobıl. Bələdçi ilə gəzinti” adlı məqalədə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) çox təhlükəli vəziyyətdə olduğu qeyd edilib. Metsamorda olan fransalı fotojurnalist dünyada ən təhlükəli stansiya kimi tanınan Metsamorda hətta bu gün sızıntı proseslərinin olduğunu bildirir. Məqalədə stansiya işçiləri üçün yaxınlıqda tikilmiş qəsəbədə də vəziyyətin yaxşı olmadığı bildirilir. Qəsəbənin meri şəhər üçün büdcənin çox məhdud olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, uzun illərdir gecəyarısı işçilər qaranlıqda evlərinə qayıdırlar. Bu məsələnin dəfələrlə qaldırılmasına baxmayaraq, problem hələ də həll olunmayıb, çünki ölkədə böyük maliyyə problemi var. Fransalı jurnalistlər, həmçinin qəsəbədə yaşayan sakinlərlə görüşüblər. Məlum olub ki, ailələrdə əlil uşaqlar çoxdur və bütün bunlar stansiyada təhlükəsizlik qaydalarına riayət olunmamasının nəticəsidir. Erməni qadın Tsovinar Harutunyan ərinin stansiyada işlədiyini və orada baş verən gündəlik qəzaların təhlükəli olduğunu bildirib. O, övladının buna görə əlil olduğunu vurğulayıb. Yazıda qəza baş verərsə, stansiya işçilərinə xidmət göstərən yeganə poliklinikada vəziyyətin acınacaqlı olduğu göstərilir. Tibb işçiləri binanın tavanının damdığını, divarların kif bağladığını deyiblər. Adının açıqlanmasını istəməyən tibb bacısı bu poliklinikada daxili xəstəliklərlə qeydiyyata düşənlərin digər tibb müəssisələrindən daha çox olduğunu vurğulayıb. Hətta qəza hallarında əhaliyə paylanacaq təcili dərman preparatlarının stansiyanın daxilində saxlanıldığı bildirilib. Yazıda qeyd olunur ki, qəza baş verdiyi halda onlardan necə istifadə etmək olar? Burada yaşayan əhali işsizlikdən də şikayətlənib. Məqalədə 2015-ci ildə elektrik enerjisi tarifinin qaldırılmasının əhali arasında böyük narazılığa səbəb olmasından söz açılıb və jurnalistlər Metsamor stansiyasındakı təhlükəli vəziyyəti şəkillərlə vizual göstəriblər.

Bir müddət Avropa Birliyinin təmsilçisi, İngiltərənin Ermənistandakı səfiri olmuş  Timothy Marschall Jones  Metsamor təhlükəsi ilə bağlı etdiyi açıqlamasında “Baş verəcək güclü bir zəlzələdə Metsamor AES paramparça olacaq və meydana gələcək nüvənin təsirindən bütün canlılar yox olacaq. Ermənistan verdiyi sözləri tutmalı və stansiyanı bağlamalıdır” demişdi. İtaliyanın Ermənistandakı səfiri Paulo Adrea Trabalza da baş verəcək bir zəlzələdə bölgədə kimsənin xilas olmayacağını bildirmişdi.

Araşdırmalar nəticəsində, radiasiyaya  məruz qalanların gizli şəkildə xəstəlik keçirdikləri və bunun nəticələrinin təqribən 5-30 il sonra ortaya çıxdığı təsbit edilmiştir.  Etiraf etməmələrinə baxmayaraq,  bədnam qonşularımız hələ ki AES-lərdə cavabı tapılmamış tullantı problemini sadə yolla həll edir. Birincisi, bu tullantlar  işğal olunmuş ərazilərimizdə yerləşdirilir, bununla da ümumi radioaktiv fon gücləndirilir. İkincisi, bu tullantılar Araz və Kür çaylarına axıdılır. Bununla da Azərbaycan ərazisinə keçirilir. Həmçinin işğal altında olan Azərbaycan ərazisi nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi istifadə olunur. Bu məsələ 2014-cü il 25 mart tarixində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı əsas mövzulardan biri olmuşdur. Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş, yüksək seysmik zonada yerləşən Atom Elektrik Stansiyasının yaratdığı təhlükə  Prezidentin çıxışında xüsusi vurğulanmışdır.

Ümumilikdə Metsamor AES-in region üçün təhdidlərini artıran əsas amilləri aşağıdakı şəkildə xarakterizə etmək mümkündür:

-         Metsamor AES-i yalnız 8 bal gücündə zəlzələyə hesablanaraq inşa edilməsinə baxmayaraq, 9 və yuxarı bal gücündə zəlzələ riski olan ərazidə yerləşir;

-         Stansiyanın təhlükəsizlik standartları köhnə və etibarsızdır – bu artıq beynəlxalq və regional təşkilatlar tərəfindən stansiyanın fəaliyyəti ilə bağlı qəbul olunmuş yekdil tezisdir. “Metsamor” üzərində qoruma qalxanı olmayan, qatı bazalt üzərinə inşa edilmiş köhnə bir stansiyadır, dizayn ömrü isə 30 ildir;

-         AES modern reaktorlarda nəzərdə tutulan təməl qəzaların nəticələrini əngəlləyəcək şəkildə hazırlanmamışdır. 

-         Yanğından qorunma tədbirləri olduqca zəifdir.

-         Təhlükəsizlik Analizi hesabatları mövcud deyildir.

-         AES-in istismar müddətinin 2001-ci ildə bitməsinə baxmayaraq o hələ də istifadədədir.

Ermənistanın müxalif Liberal Partiyasının lideri  Ovanes Ovenasyan 2000-ci ildə AB Parlamentariləri ilə İrəvan görüşündə Avropa Şurasına stansiyanın bağlanması ilə əlaqəli söz vermələrinə baxmayaraq bunu etmək məcburiyyətində olmadıqlarını bildirmişdi.  O, “bəzi şərtlər daxilində” stansiyanın bağlanmasının mümkünlüyünü bəyan etmişdi. Belə ki, Ovenasyana görə; “əvvəlcə, AB Ermənistan ilə İran arasında çəkilişi davam edən təbii qaz boru xəttinə kömək etməlidir.  Sonra, Azərbaycan və Türkiyə Ermənistana tətbiq etdikləri embarqoya son qoyaraq sərhədləri açmalıdır”. Göründüyü kimi, Ermənistan Metsamordan bir şantaj ünsürü olaraq istifadə edir və stansiya ilə heç bir əlaqəsi olmayan şərtlər irəli sürür.  

Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan Metsamorda baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaqdır. Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza olacağı təqdirdə radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisini böyük təhlükə ilə üz-üzə qoyacağı şübhəsizdir. Ermənistanın region üçün faciə rolunu oynayan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması  beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir. Ona görə də dünya birliyi bu təhlükənin mahiyyətini aydın şəkildə dərk etməli və lazımı tədbirlər həyata keçirməlidir. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da müəyyən siyasi maraqlar naminə hələ də obyektiv, vahid  reaksiya qəti şəkildə bildirilməmişdir.

Azərbaycanın təşvişə hər mənada haqqı vardır. 2016-cı il aprel döyüşlərində erməni hərbi birləşmələrinin mövqelərimizə zərbələr endirərkən qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə etməsi düşmənin təcavüzkar və terrorçu simasını bir daha ortaya qoyur. Bütün dünyanın gözü qarşısında bəşəriyyət üçün təhlükəli, qadağan olunmuş hərbi vasitələrdən istifadə Ermənistanın beynəlxalq hüquqa  məhəl qoymamasıdır. İşğalçı ölkə təkcə təmas xəttində insidentlər zamanı kimyəvi silahdan istifadə etməyə yox, eyni zamanda  “Metsamor”un nüvə tullantıları vasitəsilə “çirkli bomba" hazırlamağa da maraq göstərir.  Hətta Ermənistan hərbi rəhbərliyində təmsil olunan bəzi generallar mətbuata verdiyi açıqlamalarda Azərbaycanı radioaktiv tullantılardan hazırlanan “çirkli silah”la təhdid edib. Ermənistanın keçmiş baş naziri və fəaliyyətdə olan parlament üzvü Qrant Baqratyan kimi, general-mayor Arkadi Ter-Tadevosyan da dəfələrlə Azərbaycan əleyhinə hərbi əməliyyatlarda radioaktiv silahdan istifadə etmək niyyətlərini bildiribdilər. Bu səbəb də Ermənistanın AES-i bağlamaması üçün göstərdiyi “mücadilə”nin əsaslarındandır ...

Maraqlıdır ki, illərdir Azərbaycanın regiondakı “Metsamor” təhlükəsi ilə bağlı çağırışları, dəfələrlə beynəlxalq qurumlara müraciətləri cavabsız qalır... Avropa Komissiyası 2012-ci ildə öz hesabatında göstərir ki, bu stansiyanı bərpa etmək mümkün deyil. Ermənistan tərəfi isə beynəlxalq təşkilatların bəyanatına məhəl qoymur. Nəzərə almaq lazımdır ki, biganə münasibət böyük bir faciənin başlanğıcı ola bilər. Bu faciəni önləmək üçün yeganə seçim yalnız birgə mübarizədir. Bu mübarizənin vacibliyi Prezident İlham Əliyevin 23 may 2016-ci ildə İstanbulda Dünya Humanitar Sammitindəki çıxışında xüsusi vurğulanmışdır. Prezident İlham Əliyev bütün region üçün təhlükə mənbəyi olan Metsamor Atom Elektrik Stansiyasına, Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadəsinə toxunmuşdur. Dövlət başçısı bildirmişdir ki,  Ermənistanın sabiq baş naziri, parlament üzvü və digər rəsmiləri 2016-cı ilin aprelində Ermənistanın “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalı, Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Bu çıxış yalnız Azərbaycan üçün deyil, region və bütövlükdə dünyamızın ekoloji təhlükəsizliyi üçün çox önəmli bir mesajdır.

Xüsusilə Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərqlə Qərb arasında dəhliz rolunu oynayan bir regionun istər ekoloji, istərsə də siyasi-iqtisadi baxımdan təhlükəsizliyi Qərb dövlətlərini də narahat etməlidir. Region dövlətlərindən birində baş verən hər hansı bir fəlakət bu və ya digər dərəcədə regionun digər dövlətlərindən də yan keçmədən, öz təsirini göstərir. Metsamorun isə köhnə olması, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq Ermənistanın  38 yaşlı reaktorunun regionu hansı miqyasda və böyüklükdə təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də düşündürməlidir.

Nailə Məmmədova

“Azerbaijan Realities”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802
avatar

Oxşar yazılar