ATƏT PA-nın Avstriyadan olan prezidenti Kristine Muttonenin dəyişməsi və vitse- prezident George Tseretelinin prezident olması haqqında xəbərə aydınlıq gətirilib. Qurumun Azərbaycandan olan vitse-prezidenti Azay Quliyev APA-ya açıqlamasında xəbəri təsdiqləyərək, ATƏT PA-nın prezidentinin dəyişməsinin səbəbini izah edib: “Bildiyiniz kimi bu ilin oktyabrın 15-də Avstriyada parlament seçkiləri keçirildi. Kristina Muttonen Sosial demokratların namizədi olaraq kifayət qədər səs toplamadığına görə parlamentə təkrar seçilə bilmədi. Parlamentə seçilmədiyinə görə o, ATƏT PA-nın üzvü və prezidenti kimi də mandatını itirmiş oldu.
ATƏT Parlament Assambleyasının Prosedur Qaydalarının 5-8 maddəsinə əsasən Prezident bu və ya digər səbəbədən öz vəzifələrini icra edə bilmədikdə və ya Assambleyanın üzvü kimi mandatını itirdikdə onu vaxt baxımından ən uzun müddət fəaliyyət göstərən vitse-prezident əvəz etməlidir. Hazırda isə ATƏT PA-da ən çox staja malik vitse-prezident Gürcüstan parlamentinin üzvü olan George Tseretelidir. Ona görə də George avtomatik olaraq qaydalara görə prezidentin səlahiyyətlərini həyata keçirəcək və ATƏT PA-nın fəaliyyətdə olan prezidenti olacaq. O bu vəzifəni noyabrın 9-dan gələn ilin iyulun 11-nə kimi icra etməyə başlayacaq. 2018-ci ilin 7-11 iyulunda isə Berlində keçiriləcək illik sessiyada isə quruma yeni prezident seçiləcək. Biz çalışacağıq ki, ATƏT PA-nın fəaliyyətində hər hansı bir problem olmasın. Əminəm ki, George bu vəzifənin öhdəsindən gələcək”.