"Ölkəmizin bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bəzi qüvvələrin maraqlarına xidmət edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir".
Lent.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli cari ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş kollegiya iclasında deyib.
Aprel hadisələrinə toxunan Baş Əli Həsənov bildirib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazilərimizə silahlı hücum təşkil edib və mülki əhaliyə ciddi ziyan vurub: "Ancaq qüdrətli Azərbaycan ordusu düşmənə layiqli cavab verdi. Ermənistanın faşist cinayətkar rejimi bilməlidir ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır. Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Hesab edirəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Son bir-iki ay ərzində danışıqlar prosesində böyük fəallıq var. ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin rəhbərləri də bu məsələdə fəallıq nümayiş etdirirlər. Ancaq keçən dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər".
Kollegiya iclasında həmçinin bildirilib ki, həmişə olduğu kimi, cari ildə də qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının ən çox diqqət yetirdiyi prioritet sahələrdən biri olmaqla Dövlət Proqramına və ona edilmiş əlavələrə uyğun olaraq həyata keçirilir. Ə. Həsənov deyib ki, ölkə prezidentinin sərəncamı ilə təsdiq olunmuş müvafiq Dövlət Proqramlarına və onlara edilmiş əlavələrə uyğun olaraq indiyədək qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərini yaxşılaşdırmaq məqsədilə müxtəlif ərazilərdə bütün sosial-texniki infrastruktura malik 94 müasir tipli qəsəbə salınmış və bu qəsəbələrə 243 min məcburi köçkün köçürülmüşdür. Hazırda bu işlər davam etdirilir.