Son günlər sosial şəbəkələrdə mərhum telejurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı çəkdiyi kadrlardakı bəzi məqamlara görə müzakirələr aparılır.
Qaziler.az saytının məlumatına görə, Qarabağ qazisi, jurnalist , Xocalı faciəsi zamanı dinc və yaralı insanların xilas olunmasında iştirak edən Rey Kərimoğlu açıqlama yayıb.
O, bildirib ki, Ç.Mustafayevin iddiaları və şərhləri əsassızdır, həqiqəti əks etdirmir:
“Neçə gündür, müxtəlif insanlar Xocalı soyqırımının şahidi kimi məndən də bu məsəlyə münasibət bildirməmi istəyirlər. Bu da mənim bildiklərim. Heç kəsin şübhəsi yoxdur ki, Xocalı soyqırımını ermənilər törədib! Özü də Rusiyanın 366-cı alayının vasitəsi ilə. Bunu düşünülmüş və planlı şəkildə ediblər! Sarkisyan da etiraf edib bunu! Burada Azərbaycanın və azərbaycanlıların günahlandırılması, kiminsə adının çəkilməsi düz deyil! Çingiz Mustafayevin bir vaxtlar çəkdiyi və son günlər Azərbaycanın düşmənləri tərəfindən yenidən yayılan videoda dedikləri düz deyil! Ölənin dalınca danışmazlar, amma söhbət mənim dövlətimdən, xalqımdan ona qarşı edilmiş bir soyqırımın bəzi detallarına şübhədən gedirsə susa bilmərəm!”
R.Kərimoğlu insanların bu günlərdə müzakirə etdiyi əsas 2 suala aydınlıq gətirməyə çalışıb: 1) Çingiz Mustafayevin çəkdiyi əvvəlki kadrlarda sifəti salamat görünən şəhidlərin növbəti dəfə çəkiləndə üzləri, alınları niyə kəsilmiş, parçalanmış olub? 2) Çingiz Mustafayev vertolyotdan çəkiliş apararkən aşağıda adamların meyitlər arasında dolaşan və bunları görəndə qaçanlar kimlər olub?
“Birincisi, meyitlərin üzərindəki zorakılıq izləri sırf ermənilərin əməlidir! Hansı ki, dəfələrlə bizim əsir və şəhidlərimizin üzərində bunu ediblər! Axı ilk vaxtdan orada ermənilər tərəfindən meyitlərimizin təhqir edilməsi faktı olub. Qulaq, burun kəsilib, kiminsə beynin vurub dağıdıblar və sairə... Erməni elə diri-diri edib ey bunların bir çoxunu!
Çingizin çəkilişi 26-sı yox, sonrakı günlərdə, yəni 27-29 olub. Ola bilsin ki, Çingiz iki və ya üç dəfə olub orada. Və birinci dəfə sifətin salamat gördüyü adamın alnının, sifətinin və digər əzasının növbəti dəfə gedəndə kəsildiyini, parçalandığını görüb. Bu o demək deyil ki, bunu bizimkilər edib! Ora bizim əsgərlərin sərbəst gedib-gəldiyi yer olmayıb axı. Ora “Qaraqaya”nın qabağıdır. Həmin gün mən də orada olmuşam. Şelli – “Qaraqaya” istiqamətində baş verənləri öz gözümlə görmüşəm, döyüşçü yoldaşlarımla yaralıların, arvad uşağın güllə altından çıxarılmasında iştirak etmişəm. Xocalı hadisəsi baş verən günlərdə “Qaraqaya” ermənilərdə idi. Yalnız fevralın 26-da səhər saatlarında, Xocalılıdan sağ çıxıb gələn adamlardan nə baş verməsini biləndən sonra Ağdamdakı yerli batalyonlar tərəfindən dinc əhalini xilas etmək üçün ermənidən azad edildi “Qaraqaya”. Və bundan sonra Ağdamın Şelli kəndi istiqamətində canlarını qurtarmaq istəyən dinc xocalılar xilas edilib. “Qaraqaya”nın qarşı tərəfindən bir az qabaqda Əsgəran istiqamətində başlayırdı xocalıların meyitləri. Meyitlərin götürülməsi isə Şəhid Milli Qəhrəmanımız Allahverdi Bağırov Əsgəran batalyonun komandiri Vitaliklə danışıb razılıq alandan sonra olub. Bunu Çingiz Mustafayevdən qabaq – fevralın 26-da Allahverdi Bağırovla Əsgərana gedən və ərazidə çəkiliş aparan teleoperator Seyidağa Mövsümlü də deyib dəfələrlə. Bu proses erməni əsgərlərinin nəzarəti altında olub...
Hətta ermənilər də meyitlərin arasında bəzi adamları axtarıb. Məsələn, ermənilər onlara qan udduran Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevin cəsədini də axtarırmışlar. Yəqin verməyəcəklərmiş. Seyidağa bəyin dediklərini oxuyub və ya baxmaq lazımdır? Ermənilər ondan Aqil Quliyevin cəsədini göstərib Aqil Quliyev olub-olmadığını soruşublar. S.Mövsümlü isə bilə-bilə ki, bu Aqil Quliyevin meyitidir, deyib ki, yox, o, deyil.
“Qaraqaya” alınsa da növbəti gündən onun qarşısı Əsgəran və digər istiqamətlər ermənilərin nəzarətində olan yerlərdir. İstənilən vaxt gəlib meyitləri təhqir edə bilərdilər. Və həmişə də ediblər. Digər tərəfdən, bir hissəsini isə gecə vəhşi heyvanlar da edə bilərdi! Niyə bunu kimsə düşünmür?! Uzun müddət o ərazidə insan ayağı az dəydiyində vəhşi heyvanlar da çoxalmışdır”.
Qarabağ qazisi ikinci sualında cavabı elə birincidə olduğunu deyib: “Çingizin vertolyotdan çəkərkən bunları görüb qaçdığını dediyi adamlar, məncə, ermənilərlə danışıq nəticəsində meyitləri götürən öz əsgərlərimizdir. Meyitlərin çıxarılması üçün bütün danışıqları o zaman rəhmətlik, Allahverdi Bağırov aparırdı. Meyitləri də çıxaran əsasən onun əsgərləri idi. Və bu onlar ola bilərdi. Düşmənin tərəfdə meyitləri toplayan əsgərlər gələn vertolyotun kimin olduğunu haradan bilsinlər? Erməni, rus ola bilərdi və ata bilərdilər onları. O zaman çox qarışıq bir vəziyyət idi axı. Ona görə də qaçırlar.
Mən 1991 - 1993-cü illərdə Qarabağda əsgər - kəşfiyyatçı kimi döyüşlərdə olmuşam, bu işin siyasi tərəfləri haqda nəysə deməyim insanlarımızı çaşdıra bilər. Qoy onu siyasi prosesləri dəqiq bilənlər desin. Ola bilsin ki, Çingizin kimə simpatiyası olub və onu müdafiə etmək üçün qəsdən belə deyib. Və ya elə bir jurnalist kimi, insan kimi nədənsə şübhələnib və elə iddiaya düşüb. Bütün hallar da Çingiz orada düz demir, şübhəsi tam əsassızdır! Şübhə pis şeydir! İnsanı qərar verməyə tərəddüd etdirir! Mənim fikrim budur: Xocalı soyqırımını ermənilər edib. Meyitləri də onlar təhqir edib!”
R.Kərimoğlu sonda onu da deyib ki, rusların, fransızların, almanların və digərlərinin erməni yalanına inanmasını haradsa başa düşülən olduğunu deyib: “Çünkü onlar ermənilərin iç üzünü tanımırlar! Amma biz azərbaycanlıların belə iddiada olması əsla başa düşülən deyil! Bəzən deyirlər ki, pisin, cinayətkarın milləti olmaz. Tamam, mən də razı! Amma, ancaq və lakin mən erməniləri tanıdıqca, onların vəhşiliyinin şahidi oladuqca, onlar haqqında başqa cür düşünməyə məcburam: Ermənilər ( barmaqla sayıla biləcək qədəri istisnalar olmaqla) toplum olaraq xəstədirlər, ləyaqətsiz və yaramazdılar! Ləyaqətsizin, yaramazın fitnəsinə, hiyləsinə uymayın! Fevralın 26-da dinc əhalimizi xilas edərkən Canpolad, Şelli Xosu kimi onlarla qəhrəman oğullarımız şəhid oldu!”
O, uzun illərdir adı ilə böyük pulların xərcləndiyi, daha doğrusu, mənimsənildiyi “xalq diplomatiyası” oyunlarına, son aylarda ortalığa atılan “Sülh platforması” və sairə bu tipli projelərə etiraz etdiyini də söyləyib.