Bu sözləri APA-ya eksklüziv açıqlamasında MDB İcraiyyə Komitəsinin baş katibi Sergey Lebedev Ukraynanın MDB-dən çıxması ehtimalını şərh edərkən deyib.
“Bəli, MDB-dən çıxmağı təklif edən sağ-millətçi siyasətçi var. Lakin bu məsələ iki dəfə Ali Radada qaldırılsa da, deputatların əksəriyyəti bunun əleyhinə çıxıblar. Çünki iqtisadi, humanitar sahədə real əməkdaşlıq etmək istəyənlər yaxşı başa düşürlər ki, MDB-dən çıxmaq ilk növbədə Ukraynanın özünə zərbə vuracaq. Bu gün MDB-də 11 ölkə yer alsa, Ukrayna iqtisadi və insan potensialı baxımdan MDB-də önəmli yer tutsa da, digərlərinə qurumdan çıxmaq daha rahat olar, nəinki Ukraynaya”, - deyə o vurğulayıb.
S. Lebedev ümidvar olduğunu bildirib ki, ukraynalı siyasətçilər ölkələrinin MDB-də qalmasını təmin edəcəklər: “Hər şey Ukraynanın Avropaya doğru hərəkət etməsi ilə yanaşı öz qonşuları ilə sıx əlaqələri qoruyub saxlaya biləcəyinə dəlalət edir”.
S. Lebedev birlikdə həlli daha rahat olan bir sıra məsələlərin olduğunu, habelə Ukraynanın gələn il MDB çərçivəsində tərəfdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirib. O həmçinin qeyd edib ki, MDB Ukraynada baş verənlərə görə narahatlıq keçirir. “Sədrlərimizin Minskdə keçirilən sonuncu toplantısında çıxış edənlərin hamısı öz narahatlığını ifadə ediblər, Ukraynada tezliklə sülhün bərqərar olmasını arzuladıqlarını deyiblər”.
MDB İcraiyyə Komitəsinin baş katibi MDB-nin Ukraynadakı vəziyyətin sabitləşməsi istiqamətindəki səyləri kimi Minskdə Rusiya, Ukrayna və Belarus prezidentlərinin iştirakı ilə keçirilən görüşü göstərib.