“Qubad İbadoğlu ilə Arif Hacılı oğlumun əleyhinə təbliğat apardılar”
30 sentyabr 2014 17:37 (UTC +04:00)

“Qubad İbadoğlu ilə Arif Hacılı oğlumun əleyhinə təbliğat apardılar”

“Saxtakarlıq seçki gününə qədər olub. Məsələn, İsa Qəmbərin adından sui-istifadə edilib, qurultay nümayəndələrinə zəng edib deyiblər ki, Arif Hacılının başqan olmasına İsa bəy qərar verib. Bütün bunlar da ədalətsizlikdir. Eyni zamanda Qubad bəy də bunu təkrarladı. Turalın seçilməsinə ümidim az idi. Çünki hər iki namizədin tərəfdarları Turalı belə təbliğ edirdilər ki, o, hələ uşaqdır. Siyasi cəhətdən yetişsə də, idarəçilik bacarığında deyil. Bunlar Turalın az səs toplamasına ciddi səbəb oldu. Bundan əlavə, Tural seçkilərə çox gec başladı. Həm maddi imkansızlıq, vaxtın olmaması rayonlarda görüşlərə mane oldu. Bu bir sınaqdır. Seçki günündən narazılığım yoxdur”.

 

Lent.az-ın xəbərin görə, başqanlığa namizədlərdən Tural Abbaslının anası, müsavatçı Başxanım Abbaslı da musavat.com-a müsahibəsində belə deyib.

 

O, oğlunun və tərəfdarlarının Müsavat Məclisinə düşməməsini isə ədalətsizlik adlandırıb: “Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli vicdan məhbusu olublar. Necə ola bilər ki, partiyada heç bir fəaliyyəti olmayan, qurultaya 10-15 gün qalmış partiyaya gələn adamlar Məclisə düşdü, amma bunlar yox. Bilirdilər ki, Tural Məclisə düşsə, iddialı olduğuna görə, sədrliyə və İcra Aparatına iddiasını irəli sürəcək”.

 

“Seçkidə siyahılar paylandığı və məhz bu amilə görə Arif Hacılının tərəfdarlarının Məclisə daha çox düşdüyü deyilir. Sizcə bu doğrudur?” sualına cavabında B. Abbaslı deyib ki, bəzilərində uzaqgörənlik yoxdur: “İnsanların çəkdiyi əməyə qiymət verən yoxdur. Dəstəklədikləri namizəd kimə deyirsə, ona səs verirlər. Amma belə olmamalıdır. Əslində yeni seçilən rəhbər insanlar arasında barışıq yaratmalı, intriqabaz olmamalı, hamıya eyni cür hörmət bəsləməli, haqqı olanlara haqqını verməlidir”.

 

O deyib ki, bəzi rayonlarda qurultay qabağı  konfranslarda kvorum olmadan nümayəndələr seçilib: “Xüsusi göstərişlər var idi ki, kim indiki başqanın tərəfdarıdır, seçilsin, deyilsə, seçilməsin. Birdə ki, 22 ildir partiyada fəaliyyət göstərdiklərinə görə kimin-kimi dəstəkləyəcəyini yaxşı bilirdilər. Bunlar çox böyük təsir etdi. Oğlum ümid edirdi ki, yenilik olacaq. Amma heç bir yenilik olmadı”.

 

Namizədin anası Müsavat Gənclər Təşkilatında sədr əvəzi olan şəxsi də zəiflikdə ittiham edib: “Bəzi partiya funksionerləri Mustafa Hacıbəylinin yanında canfəşanlıq edərək, adamlarını seçdirdilər. Çünki üzv olduğum Səbayel təşkilatında belə müdaxilə cəhdi olmuşdu. Biz ona yol vermədik. Baxmayaraq ki, mən yol vermədim, amma yenə əksəriyyət onların dediyi adam oldu”.

 

B. Abbaslının sözlərinə görə, oğlunun seçkidə az səs almasına səbəb Arif Hacılı ilə Qubad İbadoğlunun ona qarşı mübarizə aparması olub: “Amma bilməlidirlər ki, İsa bəy oğlum yaşında olanda Milli Məclisin sədri və iki ay prezident səlahiyyətlərini icra edib. Arif Hacılı 28 yaşında deputat seçilib, 30 yaşında dövlət müşaviri olub. Onlar ola bilərdilər, amma 14 illik siyasi təcrübəsi ilə Tural Abbaslı bəzi insanların düşüncəsində başqan ola bilməzdi. Necə olur ki, 4 illik siyasi təcrübələri ilə İsa bəy, Arif bəy yüksək postlarda təmsil oluna bilirlər, amma Tural yox? Bir ana, veteran müsavatçı, 3 müsavatçı övladının anası kimi bunlar mənə ağır təsir bağışladı. Bu təbliğat alçaldılmış təbliğat idi. Tural uşaq deyil. Onun çıxışları göz qabağındadır. Övladım debatlarda partiyanı uğurla təmsil edəndə, meydanlarda öndə olanda yetişmiş siyasətçi olur, amma başqanlıq iddiasına düşəndə qapılar üzünə bağlanır. Konkret partiya rəhbərliyi Turalın başqan olmasını istəmirdi. Çünki Turalın mövqeyi, kəskin çıxışları hər kəsə aydın idi”.

 

O deyib ki, oğlunu və ətrafındakıları “susdurmaq, sakitləşdirmək, narazı olanları neytrallaşdırmaq üçün bir neçə gəncə” Müsavat Məclisində  yer veriləcəyini gözləyir: “Bundan artıq heç nə gözləmirəm. Məclisin sədrinin kim olacağı məni çox maraqlandırır. Orada mən öz fikirlərimi hər kəsə deyəcəm”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251
avatar

Oxşar yazılar